16.11.2017

Şamaxıda "Fəal təlim - fəal şagird" layihəsinin ilk mərhələsi başa çatıb

Şamaxıda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Fəal təlim - fəal şagird” layihəsi çərçivəsində görülən işlərin ilk mərhələsi başa çatıb.

“Layihə iştirakçılarının təlimatlandırılması və məktəbdaxili intellektual oyunların təşkili” adlanan ilk mərhələ üzrə sonuncu təlim Şamaxı rayonunun Elxan Rzayev adına Mədrəsə qəsəbə tam orta məktəbində baş tutub. Bundan öncə həyata keçirilən təlimlərdə olduğu kimi Şamaxı rayonunun Mədrəsə qəsəbə tam orta məktəbində təşkil olunan təlimdə də layihə təlimçisi Vasif Şıxıyev şagirdlərə layihənin şərtləri, əhəmiyyəti, mərhələləri haqqında ətraflı məlmat verib.

Sentyabr ayının sonlarından icrasına başlanan layihənin təlimləri çərçivəsində Şamaxı rayonunun Mədrəsə və Sabir qəsəbələri, Göylər, Qaravəlli, Muğanlı və digər kənd və qəsəbə məktəblərində təhsil alan 200-ə yaxın şagird arasında aparılan seçimlər nəticəsində 40 şagird layihə üzrə növbəti mərhələdə iştirak etmək imkanı əldə edib. Növbəti həftədən layihənin “Məktəblərarası intellektual oyunlar” adlanan ikinci mərhələsinə start verilməsi nəzərdə tutulub.

Layihənin özünəməxsus cəhətlərindən biri də odur ki, bu layihədə Şamaxı rayonunun yalnız kənd və qəsəbə məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub. Belə ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbin “Tarix” müəllimi Nargilə Şıxıyevanın rəhbərliyi ilə həyata keçirilən “Fəal təlim-fəal şagird” layihəsi 3 ay ərzində Şamaxı rayonunun 8 kənd və qəsəbə tam orta məktəblərinin IX sinif şagirdlərini əhatə edir.

Layihənin digər xarakterik cəhəti isə bu layihə üzrə keçiriləcək intellektual oyunların 2009-cu ildən etibarən Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının fənn kurikulumları əsasında qurulmasıdır.

Layihənin məqsədi müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual şagirdləri ictimaiyyətə tanıtdırmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.

Nargilə Şıxıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.