"Bilici anam" layihəsi çərçivəsində növbəti görüş keçirilib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Bilici anam” layihəsi çərçivəsində növbəti görüş keçirilib.
15 noyabrda Göygöl rayonu 3 saylı məktəbdə rayon məktəblərinin sosial statusa malik valideynləri – anaları ilə "Ailə münasibətlərinin övladların təlim - tərbiyəsində rolu və gələcək inkişafına təsiri "mövzusunda görüş keçirilib. Görüşdə layihə psixoloqu valideynlərə mövzuya aid müvafiq məsələlərə bağlı öz tövsiyələrini bildirib.
Layihənin əsas məqsədi Göygöl şəhərində yerləşən 7 məktəbin müxtəlif siniflər üzrə öz dünyagörüşü, intellektual səviyyəsi, ictimai işlərdə fəallığı ilə seçilən sosial statuslu valideynləri – anaları layihəyə cəlb etməklə məktəb – icma əlaqlərini düzgün qurmaq və inkişaf etdirmək, təhsilin inkişafında valideynlərin fəallığını artırmaq və cəmiyyətin maariflənməsində valideynlərdən mənəvi dəstək almaqdır.
Layihə çərçivəsində hər biri 2 saat olmaqla həftədə 2 dəfə təşkil edilməsi nəzərdə tutulan görüşlərdə müzakirə olunacaq əsas mövzular aşağıdakılardır:
- Hüquqlarımız vəzifələrimiz;
- Təhsil proqramının (kurikulumun ) məqsədi və gözlənilən nəticələri;
- Ailə - məktəb, ailədaxili münasibətlərin şəxsiyyətin yetişdirilməsində rolu;
- Valideyn – övlad münasibətlərinin düzgün qurulması;
- Pedaqoq və psixoloqların təcrübələri, məsləhətləri;
- Uşaqların müəyyən yaş dövr psixologiyası;
- Məktəblərarası şəbəkələrin qurulmasının əhəmiyyəti və s.
Fərdi kateqoriyada Aytəkin Əliyevanın qalib olmuş layihəsinin icrasının 22 dekabrda başa çatması nəzərdə tutulub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.