Mingəçevir məktəblilərinə "layihələndirmə" təlimi keçirilib.
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş "Gənc ixtiraçı və səmərələşdirici mərkəzi” layihəsi çərçivəsində təlim keçirilib.
14-15 noyabrda Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbdə layihələndirmə təlimi keçirilib. 2 gün davam edən təlim "Gənclər Evi" Sosial Xidmət Müəssisəsinin əməkdaşı Samrin Xanlayev tərəfindən aparılıb.
Təlim zamanı şagirdlərə layihənin tərtib edilməsi zamanı qarşıya qoyulan məsələlər haqqında məlumatlar verilib. Eyni zamanda mövzunun seçilməsi, araşdırılması, problemin həlli kimi fərqli bölmələr müasir təlim üsulları ilə şagirdlərə izah edilib.
İnteraktiv formada təşkil edilən təlimin sonunda məktəblilər komandalara ayrılıb və fərqli mövzularda layihələr hazırlayaraq təqdim ediblər. Şagirdlərin təqdim etdikləri istiqamətlər təlimçi tərəfindən qiymətləndirilib.
Layihə çərçivəsində bu təlimin keçirilməsində əsas məqsəd iştirakçılarda gənc yaşlarında layihə hazırlamaq və təqdim etmək kimi ilkin bilik və vərdişlərin formalaşdırılmasına nail olmaqdır.
"Gənc ixtiraçı və səmərələşdirici mərkəzi” layihəsi çərçivəsində “İstedad Bankı”nın yaradılması, istedadlı şagirdlərin Azərbaycan dili, İngilis dili və riyaziyyat fənlərindən olimpiada yarışlarına hazırlığının həyata keçirilməsi, onların layihələndirmə bacarıqlarının artırılması, şagirdlər arasında intellektual yarışların keçirilməsi, istedadlı şagirdlərin debat haqqında bilik və bacarıqlarının artırılması və onların əl işlərindən ibarət sərginin keçirilməsi kimi məqsəd və vəzifələrin həyata keçirilməsi nəzərdə tutulub
Mingəçevir şəhəri Nizami Gəncəvi adına 8 saylı tam orta məktəbin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.