18.11.2017

Ucarda müəllimlər üçün qərb zonası üzrə təlimlər başa çatıb

Ucarda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin ümumi təhsil müəssisələri kateqoriyası üzrə qalibi olmuş “Kurikulumlar üzrə müəllimlərin bilik bacarıqlarının artırılması” layihəsi çərçivəsində növbəti təlimlər başa çatıb.

18 noyabrda Ucar rayonunun müəllimlər üçün qərb zonası üzrə Qazqumlaq 2 nömrəli tam orta məktəbdə keçirilən təlimlər başa çatıb. 11 məktəbdən 27 müəllimin cəlb olunduğu təlimlərə 6 noyabrda başlanılmışdı.

Layihənin əsas məqsədi  Ucar rayonunun şəhər və kənd məktəblərində dərs deyən  müəllimlərə pedoqoji dəstək göstərmək, kurikulum istiqamətində təlimlərin təşkili ilə bilik və bacarıqlarının daha da artırılmasına nail olmaqdır. Eyni zamanda məktəblərdə praktik şəkildə açıq dərslərin qurulmasında, təşkilində və keçirilməsində müəllimlərə köməklik göstərmək, rayonun məktəb və müəllimləri arasında əlaqərin qurulmasına nail olmaq da məqsədlər arasında yer alır.

Layihə çərçivəsində Diqnostiq qiymətləndirmədən zəif nəticə ilə çıxan ibtidai sinif müəllimlərinə, GÇQH fənn müəllimlərinə və MİQ dən keçərək yeni pedoqoji fəaliyyətə başlayan müəllimlərə kurikulumlar üzrə bilik və bacarıqlarının artırılması istiqamətində təlimlər keçirilir. Təlimlərin Ucar rayonunda Alpı kənd tam orta məktəbi, Ucar şəhəri 3 № li tam orta məktəb, Qazqumlaq 2 № li tam orta məktəb və Qəzyan 1 № li tam orta məktəbdə olmaqla 4 zonada keçirilməsi nəzərdə tutulub. Ümumilikdə təlimlərə 100-dən artıq müəllimin cəb olunması gözlənilir.

Sonuncu zona üzrə təlimin noyabr ayının sonlarında Qəzyan 1 № li tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub.

Ümumi təhsil müəssisələri kateqoriyasında Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbin qalib olmuş “Kurikulumlar üzrə müəllimlərin bilik bacarıqlarının artırılması” layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.