Bakı məktəbində "Tariximiz, adət-ənənələrimiz" adlı tədbir keçirilib
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərə maddi-mədəniyyət abidələrinin tanıdılması, adət-ənənələrin öyrədilməsi və tədrisdə tətbiqinin səmərəliliyinin artırılması üzrə işlərin təşkili” layihəsi çərçivəsində növbəti tədbir keçirilib.
“Tariximiz, adət-ənənələrimiz” adlanan tədbir Bakı şəhəri Xətai rayonu 165 nömrəli tam orta məktəbdə baş tutub. Tədbirdə Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, Təhsil Şurasının katibi Böyükağa Mikayıllı, Xarici Dillər Təmayüllü Gimnaziyanın ibtidai sinif müəllimi, Qabaqcıl Təhsil İşçisi Şəcahan Ramazanova, 270 nömrəli tam orta məktəbin müəllimi Məhsəti Cəfərova, eləcə də 165 nömrəli tam orta məktəbin pedaqoji kollektivi, şagirdlər iştirak edib.
Milli geyimdə səhnəyə çıxan şagirdlər Azərbaycan tarixinin qədim dövründən başlayaraq adət-ənənələrimizi, tarixi abidələrimizi xarakterizə edən səhnəciklər, milli rəqslərimizi nümayiş etdiriblər. Onlar vətənpərvərlik ruhunda şeirlər oxuyub, xalq mahnıları ifa ediblər. “Azıx mağarası”, “Kitabi-Dədə Qorqud”, “Hacı Zeynalabdin Tağıyevlə Musa Nağıyevin söhbəti”, “Lay-lay”, “Nizami Gəncəvi və Memar Əcəmini söhbəti”, “Karvanbaşı və Tacir” səhnəcikləri, eləcə də “Sari gəlin”, “Yallı”, “Cəngi” və digər rəqslər tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Tədbir boyunca nümayiş olunan slayd-şou da öz növbəsində Azərbaycan tarixinin, adət-ənənələrinin, milli-mənəvi dəyərlənin zənginliyindən soraq verən şəkillərlə zəngin olub.
Tədbirin sonunda söz qonaqlara verilib. Çıxış edən Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev vurğulayıb ki, təbdir şagirdlərin tariximizə, adət-ənənələrimizə, milli-mənəvi dəyərlərimizə bələd olduqlarından, eləcə də onlara böyük sevgilərindən soraq verir. Əgər ürəkdə sevgi olmasa, onu əhatəli, məzmunlu, bir sözlə ürəklə təqdim etmək olmaz. O, qeyd edib ki, layihə rəhbəri Ülviyyə Mikayılovanın layihə çərçivəsində, eləcə də layihədən kənar şagirdləri ilə mütəmadi olaraq sinifdənxaric, məktəbdənkənar tədbirləri sistemli şəkildə qurması, tarixi məkanlara ekskursiyalar təşkil etməsi şagirdlərin bu istiqamətdə biliklərinin sistemləşdirilməsinə yol açıb. Məhz bunun nəticəsidir ki, bugünkü tədbirdə şagirdlər öz bilik və bacarıqlarını mükəmməl şəkildə ifadə ediblər. Bu tədbir bilik, bacarıq və tarixə, adət-ənənələrə ehtiramın, məhəbbətin nəticəsi olaraq meydana çıxıb.
Tədbirdə digər çıxış edənlər də, onun zəngin məzmunundan, şagirdlərin bu məzmunu ifadə etmək bacarıqlarından məmnunluq ifadə edən fikirlər səsləndiriblər.
Layihənin rəhbəri, 165 nömrəli tam orta məktəbin müəllimi Ülviyyə Mikayılova çıxış edərək vurğulayıb ki, Təhsil nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə Birinci Qrant Müsabiqəsi” çərçivəsində keçirilən layihələr məktəblərdə, pedaqoji kollektivlərdə böyük maraqla qarşılanır. Müəllim və şagirdlərin istedad və bacarıqlarının aşkara çıxarılması, onların milli-mənəvi dəyərlər, tarix və adət-ənənələr haqqında müfəssəl məlumat alması, öz istedadllarını daha geniş dairədə nümayiş etdirmələri baxımından müsabiqə çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyətindən bəhs edən Ülviyyə Mikayılova rəhbərlik etdiyi layihənin də bu qəbildən olduğunu bildirib. Müəllim və şagirdlərin layihə çərçivəsində təşkil olunan tədbirlərdə maraqla iştirak etdiklərini diqqətə çatdırıb. Sonda onu da vurğulayıb ki, 270 nömrəli tam orta məktəbin şagirdlərinin də layihə çərçivəsində keçirilən tədbirə qoşulmaları təqdirəlayiqdir. Tədbirdə iştirak edən 60 şagirddən 18 nəfəri məhz 270 nömrəli tam orta məktəbdən qonaq gəlib. O, şagirdlərini layihəyə cəlb etdiyi üçün 270 nömrəli məktəbin müəllimi Məhsəti Cəfərovaya minnətdarlığını bildirib.
Tədbirin sonunda təşkilati işdə fəal iştirak etmiş müəllimlər, həmçinin şagirdlərə sertifikatlar təqdim olunub.
Layihənin məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlərdən istifadə etməklə şagirdlərə maddi-mədəniyyət abidələrinin, adət-ənənələrin, milli-mənəvi dəyərlərin daha mükəmməl şəkildə öyrədilməsinə, bu istiqamətdə səmərəli nəticələr əldə olunmasına nail olmaqdır.
Ülviyyə Mikayılovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.