Məktəb psixoloqları üçün təlim-seminar keçirilib
13-15 noyabr tarixlərində Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində növbəti təlim-seminar keçirilib.
Mingəçevir şəhəri 8 saylı tam orta məktəbdə 35 məktəb psixoloqunun iştirakı ilə keçirilən təlim-seminar 3 gün davam edib.
Seminarın ilk iki günü müxtəlif yaş dövrlərində uşaqlarda rast gəlinən davranış pozuntuları, nitq qüsurları və inkişaf ləngimələri haqqında və belə şagirdlərlə məktəb şəraitində necə işləmək lazım olduğu ilə bağlı diskussiyalar aparılıb. Bundan başqa film nümayiş olunub, qrup işi həyata keçirilib və yeni fikirlər müzakirə edilib. Seminarın 3-cü günü isə valideynlər və şagirdlərin iştirakı ilə praktiki hissə təşkil olunub ki, bu görüşdə valideynlərin narahatlıqları dinlənilib və onlara proqramlı şəkildə konsultasiyanın necə aparılması, həmçinin, ev şəraitində uşaqla necə işləməklə bağlı müəyyən istiqamətlər verilib. Sonda bütün iştirakçı psixoloqlara sertifikatlar təqdim olunub.
“Məktəb psixoloqlarının praktik biliklərinin artırılması və tətbiqi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində keçirilən təlim-seminarda Yevlax və Ağdam rayonlarından psixoloqlar iştirak edib.
38 saylı tam orta məktəbin psixoloqu Jalə Məmmədovanın rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi region psixoloqlarının praktik bacarıqların artırılmasına dəstək olmaqdır. Layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.