23.11.2017

"Məktəblərarası əlaqə" layihəsi üzrə işlər uğurla davam etdirilir.

Noyabrın 23-də Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olan “Məktəblərarası əlaqə” layihəsi çərçivəsində sınaq imtahanları keçirilib.

Saatlı rayonu Dədə Qorqud kənd tam orta məktəbində keçirilən sınaq imtahanı həmin məktəbin 7-8-9-cu sinif şagirdləri üçün nəzərdə tutulub. İmtahanda Dədə Qorqud kənd tam orta məktəbi üzrə ümumilikdə 22 şagird iştirak edib.

Sınaq imtahanlarının keçirilməsində  məqsəd məktəblilərə buraxılış imtahanları ilə bağlı cavab kartlarının doldurulma qaydalarının öyrədilməsini və onların buraxılış imtahanlarında bacarıqlarının yüksəldilməsini təmin etməkdən ibarətdir.

“Məktəblərarası əlaqə” layihəsi çərçivəsində təşkil olunan sınaq imtahanlarının digər məktəblərdə də keçirilməsi planlaşdırılır.

Dədə Qorqud kənd tam orta məktəbinin tarix müəllimi Kamran Nəsirovun rəhbərliyi ilə həyata keçirilən layihənin əsas məqsədi Saatlı rayonunda fəaliyyət göstərən məktəblər arasında əməkdaşlığı və valideynlərlə məktəblər arasında əlaqələri inkişaf etdirmək, multikultural tədbirlər keçirmək, şagirdlərin buraxılış imtahanlarına hazırlanmasını təmin etməkdir. Layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.