27.11.2017

"Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu" öz işini davam etdirir

Ağsu rayonunda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş “Quzuçuyam, quzu məndə: məktəb nəzdində Tərəkəmə folkloru araşdırma və təbliğat qrupunun yaradılması” layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihənin əsas məqsədi Ağsu rayonu H. Musayev adına Gəgəli kənd ümumi orta məktəbi nəzdində “Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu”nu yaratmaq, məktəblilər, müəllimlər və valideynlərlə işləyərək tarix otağına kəndin ərazisində təsadüfən aşkar olunmuş arxeoloji və etnoqrafik materialları toplamaq, tərəkəmə həyat tərzini, onlara aid olan folklor nümunələrini, əl işlərini araşdırmaq və təbliğ etməkdir.

Artıq layihə çərçivəsində məktəbin müəllimləri və şagirdlərindən ibarət Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu yaradılıb, qrupun rəhbəri seçilib. Gəgəli kənd ümumi orta məktəbində “Tarix otağı” müəyyən edilib və oraya arxeoloji və etnoqrafik materialların toplanmasına başlanılıb. Layihənin loqosu və “Quzuçuyam, quzu məndə” adlı rəsmi facebook səhifəsi yaradılıb.

Qrup üzvləri tərəfindən hazırlanmış etnofiloloji sorğu anketləri və layihənin ekspertinin təklif və tövsiyələri əsasında kəndin yaşlı sakinləri və ziyalılar, eləcə də hal-hazırda tərəkəmə həyat tərzi keçirən şəxslər arasında sorğuların keçirilməsi davam etdirilir.

Tərəkəmə həyat tərzini əks etdirən səhnəciklərdə personajları canlandıracaq şagirdlər seçilib və məşqlərə başlanılıb. Şagirdlərə əl darağı ilə yun daramaq, yun çırpmaq və yun didmək vərdişləri öyrədilib.

Bundan əlavə, layihə çərçivəsində rəsm, əl işləri, esse yazılar, foto və video nominasiyaları üzrə müsabiqə də elan olunub. “Facebook” sosial şəbəkəsində “Quzuçuyam, quzu məndə" Tərəkəmə folkloru müsabiqəsi” adlı tədbir yaradılıb.

Qrupu rəhbərinin və bir neçə üzvün kənddə olan ikinci Gəgəli kənd tam orta məktəbin müəllim və şagirdləri ilə görüş keçirilmişdir. Layihənin məqsəd və vəzifələri barədə məlumat verilmiş, elan olunmuş müsabiqə şərtləri izah edilib.

Tərəkəmə həyat tərzini əks etdirən səhnəciklərin məşqlərinə layihənin eksperti Dr. Fariz Xəlilli ilə baxış keçirilib və onun tövsiyə və məsləhətləri dinlənilib.

Layihə çərçivəsində yaxın günlərdə Tərəkəmə folkloru araşdırma və təbliğat qrupu üzvlərinin rayon məktəblərinin şagirdləri və müəllimləri ilə görüş keçirilməsi və “Tərəkəmələrin yurd görüşü”nə hazırlıq işlərinə başlamaq nəzərdə tutulub.

Sabit Abdullayevin rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.