28.11.2017

Beyləqanda müəllimlər üçün təlim davam edir

Beyləqanda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İnteraktiv təlim otağı” layihəsi çərçivəsində təlimlər davam edir.

R. Həsənov adına I Aşıqlı kənd tam orta məktəbin müəllim heyətinin müraciətləri nəzərə alınaraq 21 noyabrda başlayan 10 günlük təlim davam edir. 14 nəfər müəllimin iştirak etdiyi təlim 30 noyabrda başa çatacaq. Məktəb rəhbərliyi tərəfindən təlimin səmərəliliyi üçün hər cür şərait yaradılıb, təlim mərkəzi kompüter, proyektor və sürətli internetlə təmin edilib.

Təlimin əsas məqsədi müasir infrasturukturlu və maddi-texniki bazasında İKT avadanlıqları mövcud olan məktəblərin müəllimlərinə sinif otağında interaktiv təlim mühiti yaratmaq üçün mövcud texnologiyalardan istifadə üzrə zəruri kommunikativ bacarıqlara yiyələnməkdə onlara dəstək olmaqdır. Təlim iştirakçılarına təlimin ilk günü müsabiqə və layihə haqqında ətraflı məlumat verilib, sonra onlara məktəbdə müasir interaktiv təlim otağının təşkili, onun şagirdlərin öyrənmə marağının artmasındakı rolu, bu cür təlim otağının idarə olunmasında müəllimə vacib olan İKT bacarıqları haqqında təqdimat nümayış etdirilib. Təlimçi Rəşxan Eyvazov nəzərdə tutulmuş təlim proqramı əsasında tərtib olunan mövzularıniştirakçılar tərəfindən mənimsənilməsində pedaqoji ustalıq nümayiş etdirir, eyni zamanda qazanılmış biliklərin praktiki olaraq uğurla tətbiq edilməsinə nəzarət edir. Əlavə olaraq onu da qeyd edək ki, növbəti 4-cü qrup üzrə təlimin 1 dekabrda Beyləqan şəhər 6 №-li tam orta məktəbdə keçirilməsi nəzərdə tutulub. Layihə rayon məktəblərindən könüllülük və təşəbbüskarlıq prinsipi əsasında seçilmiş 75 nəfər müəlllimin 5 təlim qrupu üzrə, İKT-nin təhsildə tətbiqi məzmunlu 10 günlük (40 akademik məşələ) təlimdə iştirakını nəzərdə tutur. Təlim proqramına əsasən iştirakçıların  kurs ərzində qazandıqları kompüter bacarıqlarından istifadə edərək öz fənlərinin tədrisində faydalı olacaq interaktiv dərs modelləri hazılaması nəzərdə tutulub. Təlim mərkəzinin seçimində və təyin olunmasında sürətli internet, hər iştirakçıya bir kompüter, interaktiv lövhə və proyektorun olması vacib amil kimi nəzərə alınır. Təlim iştirakçıları qeyd olunan texnologiyların birgə istifadəsindən sinif otağında interaktiv təlim mühiti yaratmağın mümkünlüyünü əyani olaraq müşahidə edir, özləri simulyativ dərslərin keçilməsində iştirak edərək interaktiv mühit yaratmağın praktiki tətbiq üsullarını mənimsəyirlər.

Beyləqan rayonu Birinci Aşıqlı kənd tam orta məktəbin müəllimi Rauf Əsədovun fərdi kateqoriya üzrə qalib olmuş layihəsi öz işini 22 dekabrda başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla, ümumilikdə 120 layihə qalib elan edilib.