"Ağsutexçi"lər qida sənayesi müəssisəsinin meyvə bağlarına ekskursiya ediblər
29 noyabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsi çərçivəsində “Ağsutexçi”lər qida sənayesi müəssisəsinin meyvə bağlarında olublar.
“Ağsutexçi”lər layihə çərçivəsində “Az-Granata MMC”qida sənayesi müəssisəsinin Ağsu rayonunun Çiyni kəndində yerləşən nar bağlarında olublar.
Bağın bağbanı “Ağsutexçi”-lərə əyani şəkildə ağaclara qulluq etməyi və digər aqrotexniki qaydaları başa salıb.
Meyvə bağlarına ekskursiya təşkil edilməsində əsas məqsəd əvvəlki kimi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini təmin etmək olub.
Nar bağları ilə yaxından tanış olan “Ağsutexçi”lər onları maraqlandıran suallara cavab alıblar.
Nar bağlarına edilən bu ekskursiya şagirdlər tərəfindən çox müsbət qarşılanıb.
"AĞSUTEX: Məktəbdə texniki fənlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1№-li təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət - kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsulları istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.
Layihə çərçivəsində həm Az-Granata qida sənayesi müəssisəsinin laboratoriyasında, həm də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində praktiki kurslar keçirilməsi nəzərdə tutulub. Həmin kurslarda iştirak edəcək məktəblilərin seçimi üçün iki mərhələdə seçim turu olub. Əvvəlcə məktəblilərə şifahi sorğu ilə müraciət olunaraq 180 şagirddən texniki-təbiət fənnlərinə marağı olan 52 Ağsutexçi məktəbli müəyyən edilib.
Sənan Nemətovun rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.