Məktəb psixoloqları üçün təlim kursu uğurla başa çatıb.
Astarada “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Məktəb psixoloqlarının peşəkarlıq səviyyəsinin artırılması” lahiyəsi çərçivəsində təlim kursu başa çatıb.
Layihə çərçivəsində 3 gün davam edən qeyri-formal təlim kursları 27 noyabrda uğurla başa çatıb. Təlimdə Astaranın müxtəlif məktəblərində çalışan 25 nəfər məktəb psixoloqu iştirak edib.
Təlimçi-psixoloq, psixologiya üzrə fəlsəfə doktoru, dosent Limunət Əmrahlı tərəfindən 3 gün ərzində məktəb psixoloqlarına, müasir praktik psixoloji xidmətin aktual məsələləri, təhsildə psixoloji xidmətin məqsədi,vəzifələri və xüsusiyyətləri, məktəb psixoloqunun peşə fəaliyyəti və sənədləşdirmə, psixoprofilaktika, psixodiaqnostika, psixoloji konsultasiya, psixokorreksiya, psixoloji konsilium mövzuları tədris edilərək təlimin yekun qiymətləndirilməsi aparılıb. Təlimdə müxtəlif problemli situasiyalar üzrə praktiki diaqnostika, konsultasiyalar aparılıb və müzakirələr, qrup işləri, təqdimatlar, rol oyunları, kimi müasir təlim üsullarından geniş istifadə olunub.
Yekun tədbirdə Astara rayon Təhsil Şöbəsinin müdiri Qızbəs xanım Məmmədova çıxış edərək, nazirliyin qrant müsabiqəsinin əhəmiyyətindən bəhs edərək belə bir layihənin rayonun ümumtəhsil məktəblərində çalışan psixoloqlarının bilik və bacarıqlarının artırılmasında böyük bir təcrübə olacağını qeyd edərək onları bu münasibətlə təbrik edib. Sonda Qızbəs Məmmədova iştirakçıların suallarını cavablandırıb.
Kursun sonunda hər bir iştirakçıya Astara rayonunda fəaliyyət göstərən və layihənin tərəfdaş təşkilatı olan Gənclərin Sosial İnkişafına Dəstək (GSİD) ictimai birliyi tərəfindən Sertifikat təqdim olunub.
Layihənin əsas məqsədi Astara rayonunun orta ümumtəhsil məktəblərində çalışan psixoloqların bilik və bacarıqlarının artırılmasına yardımçı olmaqdan ibarətdir.
Rövşən Bağırovun rəhbərliyi ilə fərdi kateqoriya üzrə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.