"İstedad sorağında" layihəsi çərçivəsində təlimlər davam edir.
“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “İstedad sorağında” layihəsi çərçivəsində təlimlər davam edir.
Qax rayonunun bütün ümumtəhsil müəssisələrini əhatə edən layihədə iştirak edən şagirdlər əməkdaşlıq, təqdimat etmə, mütaliə bacarıqları, eyni zamanda riyazi və məntiqi təffəkkürlərini inkişaf etdirici təlimlərdə həvəslə iştirak edirlər.
Layihənin məqsədi erkən yaşdan şagirdlərin potensialını üzə çıxarmaq, istedadların aşkar olunması və Respublika Fənn Olimpiadaları, Fənn Müsabiqələrində Qax rayonu üzrə uğurlu iştirakçıların sayını artırmaqdır.
Layihə çərçivəsində şagirdlərdə sadə təqdimat, xarici dil bacarıqları, mütaliə vərdişləri, ümumi dünyagörüş və məntiqi təfəkkürün inkişafına xidmət edən məşğələlər həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda valideynlərin maarifləndirilməsi, onlarda ailə, məktəb və övladlarının inkişafında məsuliyyət, düşüncə tərzinin müasirləşdirilməsi və s. məqsədlərlə müxtəlif mövzularda kollokviumların keçirilməsi də planlaşdırılıb.
Qax rayonu İlisu kənd tam orta məktəbinin müəllimi Günay Mahmudovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.