30.11.2017

"İngilis dilində danışıq və sinifdənxaric oxu klubları" layihəsi çərçivəsində işlər davam edir.

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "İngilis dilində danışıq və sinifdənxaric oxu klubları" layihəsinin ikinci mərhələsi üzrə təimlər davam edir.

İkinci mərhələdə şagirdlərlə işləmək üçün çap materialları, CD və iş vərəqələri hazırlanıb. İlk dərsdə yoldaşını təqdim etmə, dil öyrənmək haqqında məşhurların kəlamları, dil öyrənməyin yolları və sözün qüdrəti haqqında müzakirələr təşkil olunub.

Bu mərhələdə növbəti işlər kimi layihəyə cəlb olunacaq şagirdlərlə birgə Qazax və ona yaxın ərazilərin tarixi haqqında məlumat toplamaq, məktəblilər üçün  dər gün 3 saat olmaqla həftədə 1 gün təlim proqramlarının hazırlanması, Qazax rayonu və ona yaxın olan ərazilərə turlar və bu turları digər qalib layihə rəhbərləri ilə birgə həyata keçirmək planlaşdırılıb.

Layihənin əsas məqsədi sinifdənxaric və məktəbdənkənar tədbirlər hesabına şagirdlərin ingilis dilində oxu və danışıq bacarıqlarını təhkmilləşdirmək, Qazax rayonunun yeniyetmə və gəncləri arasında ingilis dilinin inkişafına təkan verməkdir.

Qazax şəhəri 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Tahirə Xasməmmədovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.