27.11.2017

"Fəal təlim - fəal şagird" layihəsinin ikinci mərhələsinə start verilib

Şamaxıda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Fəal təlim - fəal şagird” layihəsinin ikinci mərhələsinin icrasına başlanılıb.

27 noyabrda layihənin  “Məktəblərarası intellektual oyunlar” adlanan ikinci mərhələsinin icrasına başlanılıb. Bu mərhələ çərçivəsində ilk intellektual oyun Şamaxı rayonunun  Ə.Məmmədov adına Göylər kənd 1 nömrəli tam orta məktəbinin komandası ilə T.Kərimov adına Göylər kənd 2 nömrəli tam orta məktəbin komandası arasında keçirilib.

İntellektual oyundan öncə layihə təlimçisi Vasif Şıxıyev bir daha bu mərhələdə iştirak edən oyunçuları təlimatlandırıb, onlara ətraflı məlmat verib. Gərgin bilik mübarizəsi şəraitində keçən intellektual oyunda T.Kərimova adına Göylər kənd 2 nömrəli tam orta məktəbin komandası qalib gələrək layihənin final mərhələsində iştirak etmək imkanı əldə edib. İntellektual oyunda fərqləndikləri üçün Göylər kənd 1 nömrəli tam orta məktəbin şagirdlərinə isə sertifikatlar təqdim olunub.

Layihənin özünəməxsus cəhətlərindən biri də odur ki, bu layihədə Şamaxı rayonunun yalnız kənd və qəsəbə məktəblərinin şagirdlərinin iştirakı nəzərdə tutulub. Belə ki, Şamaxı şəhər 3 saylı tam orta məktəbin “Tarix” müəllimi Nargilə Şıxıyevanın rəhbərliyi ilə həyata keçirilən “Fəal təlim-fəal şagird” layihəsi 3 ay ərzində Şamaxı rayonunun 8 kənd və qəsəbə tam orta məktəblərinin IX sinif şagirdlərini əhatə edir.

Layihənin digər xarakterik cəhəti isə bu layihə üzrə keçiriləcək intellektual oyunların 2009-cu ildən etibarən Azərbaycan Respublikasının orta ümumtəhsil məktəblərində tətbiq edilən Milli Kurikulum Strategiyasının fənn kurikulumları əsasında qurulmasıdır.

Layihənin məqsədi müxtəlif tipli intellektual oyunlar vasitəsilə şagirdlərə Azərbaycanın zəngin tarixini, mədəniyyətini, dahi şəxsiyyətlərini tanıtmaqdan ibarətdir. Məqsədlər sırasına həmçinin bölgəmizdəki intellektual şagirdləri ictimaiyyətə tanıtdırmaq, şagirdlərin intellektual səviyyəsini, dünyagörüşünü artırmaq, onların asudə vaxtlarını səmərəli təşkil etmək də daxildir.

Nargilə Şıxıyevanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.