01.12.2017

"Bilikdən xeyirxahlığa" layihəsi çərçivəsində işlər davam edir

“Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Bilikdən xeyirxahlığa” layihəsi çərçivəsində işlər davam edir.

Layihənin məqsədi  ibtidai təhsil pilləsində şagirdlərin dünyagörüşünü artırmaq, yüksək əxlaqi-mənəvi dəyərləri onlara aşılamaq və estetik tərbiyənin formalaşmasına nail olmaqdır.

Bu məqsədlə layihə çərçivəsində 2-ci sinif şagirdləri üçün onların yaş dövrlərinə uyğun olan qaydada dahi azərbaycan şairi və mütəffəkiri N. Gəncəvinin həyat və yaradıcılığı ilə qısa tanışlıq təşkil edilib. Nizaminin ”Yeddi gözəl” poemasını lahiyənin əsas mənbəyi olduğunu nəzərə alaraq, gözəllərin vətəni olan 7 ölkənin tarixini, mədəniyyətini şagirdlərin daha yaxından öyrənməsi təmin edilir. Şagirdlər poema əsasında 7 ölkəni təmsil edən 7 qrupa bölünüb və hər bir qrupa öz ölkəsi haqqinda maraqlı məlumat toplamaq tapşırığı verilib. Qruplar hazırladığı təqdimatlarla bütün sinifin diqqətini öz təmsil etdiyi ölkənin zəngin tarixi ilə, mənəvi dəyərləri ilə, mədəni irsi ilə, milli geyimləri və rəqslərilə tanış edirlər.

Eyni zamanda layihənin özəyini, əsas ideyasını təşkil edən “fəal oxu” prinsipi tədbiq olunur. Bunun üçün şagirdlərə 7 gözəlin təmsil etdiyi xalqların yaratdıqları şifahi-ədəbi nümunələrin, nağılların  siyahısı təqdim olunur və müvafiq tapşırıqlar verilir. Qruplar öz nağıllarını oxuyub nəql etməlidirlər və təhlil etməyi bacarmalıdırlar. Hər  həftədə sinifdə bu nağıllar və ölkələr haqqında topladıqları məlumatların geniş müzakirəsi aparılır. Qarşılıqlı dinləmələr zamanı şagirdlərdə müasir təhsil sisteminin tələblərinə uyğun olaraq onların sərbəst fikir yürütmək, geniş diskussiya aparmaq, əməkdaşlıq etmək bacarıqları formalaşır. Həm də şagirdlərdə ibtidai təhsil pilləsindən başlayaraq humanistlik, müxtəlif xalqların mədəniyyətinə, tarixinə hörmətlə yanaşmaq, yüksək multikultural dəyərlər aşılamağa imkanlar yaradır.

Layihə  çərçəvəsində şagirdlər ərəb, hind, çin, rus, özbək  şifai-xalq ədəbi nümunələri olan nağılları oxuyur və geniş müzakirə edilir.

“Tərəqqi” texniki-humanitar liseyinin müəllimi Xumara Ağacanovanın rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş layihənin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.