09.12.2017

"Bizə qoşul və xilas et!" layihəsinin bağlanış mərasimi keçirilib

Dekabrın 9-da “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Bizə qoşul və xilas et!” layihəsinin bağlanış mərasimi keçirilib.

Ağsu Rayon Heydər Əliyev baş tutan tədbirdə tədbirdə Ağsu Rayon İcra Hakimiyyəti və Ağsu Rayon Təhsil Şöbəsinin əməkdaşları, Heydər Əliyev Mərkəzinin əməkdaşları və layihənin icrası zamanı cəlb edilmiş könüllü müəllimlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan layihə rəhbəri, Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədova iştirakçılara layihə ilə bağlı ətraflı məlumatlar verərək, görülən işlərdən və əldə edilən uğurlardan danışıb. O, layihənin əsas məqsədini vurğulayaraq bildirib ki, “Erkən evlilik adlı bəşəri bəla ilə mübarizəni bir pedaqoji kadr olaraq öz borcumuz bilirik. Sözügedən mövzu ilə əlaqədar rayonumuzun bir neçə ümumtəhsil məktəbində maarifləndirici təlimlər həyata keçirdik. Həmçinin də layihənin təqdimat mərasimində seçilən və könüllü olaraq layihənin icrasında bizə dəstək olan bir neçə müəllimlərin bu işdə əvəzsiz rolu vardır. Layihənin həyata keçirilməsində Bizə dəstək olduqları üçün Azərbaycan Respublikası Təhsil Nazirliyinə, Ağsu rayon İcra Hakimiyyətinə, Ağsu Rayon Təhsil şöbəsinə və təlimlər keçirilən məktəb rəhbərlərinə təşkilati dəstək göstərdikləri üçün dərin minnətdarlığımızı bildiririk.”

Tədbir çay süfrəsi ilə yekunlaşıb.

Layihə çərçivəsində şagirdlərə erkən evliliyin bioloji fəsadları ilə bağlı  seminarlar keçirilməsi, seminarların keçirilmədiyi məktəblərin şagirdləri üçün isə dərsdən əlavə dərnəklər təşkil edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, oktyabrın 20-də Ağsu rayon Heydər Əliyev Mərkəzində “Bizə qoşul və xilas et!” layihəsinin təqdimat mərasimi və məktəbliləri maarifləndirəcək könüllü müəllimlərin seçim turu keçirilib. Noyabr ayının 10-da Ağsu rayon Kəndoba kənd tam orta məktəbində, 15-də Ağsu rayonu Gəgəli kənd tam orta məktəbində, 24-də Ağsu şəhər bir nömrəli məktəb liseydə, dekabr ayının 1-də isə Ağsu şəhər 3 nömrəli tam orta məktəbdə mövzu ilə əlaqədar maarifləndirici təlimlər keçirilib.  Seçim  turunda 20 nəfər müəllim iştirak edib. Həmin müəllimlər də öz dərs dedikləri orta məktəblərdə mövzu ilə əlaqədar kiçik seminarlar keçiriblər. Ümumilikdə layihəyə 300-ə qədər məktəbli çəlb edilib, bukletlər vasitəsi ilə isə 1500-ə qədər  məktəblinin maarifləndirilməsi həyata keçirilib.

Layihənin rəhbəri Ağsu rayon Kəndoba kənd tam orta məktəbinin müəllimi Ziba Məmmədovadır. Layihənin icra müddəti 3 ayı əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.