08.12.2017

Sumqayıtda məktəb psixoloqları üçün sonuncu təlim keçirilib

“Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "Sumqayıt şəhəri ümumi təhsil müəssisələrində çalışan psixoloqların bilik və bacarıqlarının artırılması sahəsində tədbirlər” layihəsi çərçivəsində sonuncu təlim keçirilib.

Sumqayıt məktəblərində çalışan psixoloqlar üçün keçirilən təlim layihəyə texniki dəstək göstərən “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin ofisində təşkil edilib.

Tədbiri giriş sözü ilə açan layihənin rəhbəri, Sumqayıt şəhəri M. Müşfiq qadına 34 saylı orta məktəbin psixoloqu Sevda Mustafayeva tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat verib, layihənin məqsədi və həyata keçiriləcək tədbirlər barədə danışıb.

“Təshil sahəsində tətbiq edilən yeni metodlar və psixoloji işin bu metodlara uyğunlaşdırılması” mövzusunda keçirilən tədbirin təlimçisi Azərbaycanda bu sahədə tanınmış mütəxəssislərdən biri olan Svetlana Məcidova olub. Təlimdə Sumqayıt şəhər orta məktəblərindən seçilmiş 20 psixoloq iştrak edib.

Layihə çərçivəsində görüləcək işlərin planına uyğun olaraq bundan sonra bir seminarın və psixoloqların bilik və bacarıqlarının artırılması mövzusuna həsr edilmiş dəyirmi masanın təşkili nəzərdə tutulub.

Sumqayıt şəhəri M.Müşfiq qadına 34 saylı orta məktəbin psixoloqu Sevda Mustafayevanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 aydır.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.