"Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi" layihəsi öz işini başa çatdırıb.
Biləsuvar rayonunda həyata keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Biləsuvar rayonu üzrə 9-cu sinif şagirdlərinin buraxılış imtahanlarının nəticələrinin yüksəldilməsi” layihəsi öz işini başa çatdırıb.
Layihənin ilk mərhələsində seçilmiş məktəblərdə şagirdlər ilə görüşlər və buraxılış imtahanının yeni qaydalarına uyğun sınaq imtahanları təşkil olunub. Son mərhələdə isə 7 məktəbdən 200 şagird və təxminən 20 könüllü müəllimin iştirak etdiyi 3 sınaq imtahanının nəticələrinin təhlili aparılıb. Təhlil zamanı sınaqlarda daha çox hansı suallarda səhv buraxıldığı, kimlərin cavab kartını doldurulmaqda çətinlik çəkdiyi və s. məsələlər aydınlaşıdırılıb. Daha sonra şagirdlərin valideynlərinin də bu layihədə - övladlarının imtahanlarda müvəffəqiyyət qazanmalarında maraqlarını artırmaq məqsədilə “Açıq qapı” günü təşkil olunub. “Açıq qapı” günündə valideyn, şagird, müəllim və məktəb rəhbərliyinin birgə görüşü olub. Görüş zamanı şagirdlərin sınaq imtahanları zamanı inkişaf tempi, onların bu vaxt ərzində əldə etdikləri bilik və bacarıqlarının səviyyəsi barədə məlumat verilib. Görüşdə iştirakçılara Azərbaycan Respublikası Təhsil Nazirliyinin bu ildən etibarən həyata keçirdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant” müsabiqələri barədə də məlumat verilib.
Layihənin əsas məqsədi 9-cu sinif buraxılış imtahanlarının nəticəsinə görə bir sıra parametrlər üzrə 36 məktəb arasında son 6 pillədə qərarlaşmış məktəblərin 2018-ci il buraxılış imtahanlarında nəticələrinin yüksəldilməsinə nail olmaqdır. Layihə çərçivəsində görülmüş işlər məhz bu məqsədə çatmaqdan ibarət olub. Bunu sınaqların nəticələrinin təhlilindən də görmək olar.
Layihənin bitməsinə baxmayaraq, 2017-18-ci tədris ilində bu məktəblərin nəticələrinin izlənilməsi və müqayisə aparılması davam etdirilərək təhlil olunacaqdır. Bununla da, məktəblərin inkişaf tempi izlənmiş olunacaq.
Fərdi kateqoriyada Elvina Hüseynovanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 ay olub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.