Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyi ilə bağlı layihənin bağlanış mərasimi olub.
Dekabrın 13-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş “Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” layihəsi çərçivəsində aksiya keçirilib, layihənin bağlanış mərasimi olub.
Aksiya zamanı buraxılış sinif şagirdlərinə informativ bukletlər, kitabça, loqolu köynəklər və sertifikatlar təqdim olunub. Həmin gün layihənin yekun bağlanış tədbiri keçirilib, layihənin sonunda əldə olunan nəticələr haqqında ictimaiyyətə məlumat verilib. Layihə rəhbəri Pərvanə Piriyeva layihənin uğurlu nəticələrindən həvəslənərək bundan sonra könüllü şəkildə layihəni davam etdirmək barədə düşündüyünü qeyd edib.
Layihənin həyata keçirilməsində əsas məqsəd 11-ci sinif şagirdlərinin imtahanöncəsi psixoloji cəhətdən hazırlığı, stresin və həyəcanın dəf olunması və onlarda özgüvənin (özünə inamın) artırılmasıdır.
Fərdi kateqoriyada İsmayıllı şəhər İ.Həsənov adına 1 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Pərvanə Piriyevanın rəhbərliyi ilə qalib olmuş layihənin icra müddəti 3 aydır.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.