14.12.2017

"İntellektual klub" layihəsinin bağlanış mərasimi keçirilib

Dekabrın 14-də “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriya üzrə qalibi olmuş "İntellektual klub” layihəsinin bağlanış mərasimi keçirilib. 

Tədbir zamanı layihənin icra müddətində görülən işlərdən əldə edilən nəticələrdən danışılıb. Sonda şagirdlərə sertifikatlar verilib.

Layihənin məqsədi şagirdlərin intellektual səviyyəsini və dünya görüşünü artırmaq, Azərbaycanımızın zəngin milli mədəniyyətini və tarixini təbliğ etməklə məktəblərarası əməkdaşlığı inkişaf etdirmək, intellektual yarışlara hazırlaşmaq üçün xüsusi təlimlər təşkil etməkdir.

Layihədə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən məktəblərin 7 və 8-ci siniflərində oxuyan intellektual səviyyəsi yüksək olan şagirdləri iştirak edib. Seçim turunda şagirdlərə dünyagörüşü və digər fənlər üzrə suallar təqdim olunub və biliyi qiymətləndirilən 65 şagirddən 32 nəfər layihədə iştirak etmək hüququ qazanıb. Seçilmiş şagirdlərə həftədə iki dəfə təlimlər keçirilib. Hər təlimdə şagirdlərə paylama materialları təqdim olunub və müəyyən olunmuş mövzularda geniş müzakirələr keçirilib. Layihə zamanı şagirdlər həm də yarışlarda iştirak etmək qaydalarını öyrəniblər.

Nəsimi rayonu 247 nömrəli tam orta məktəbin informatika müəllimi  Almaz Qurbanovanın fərdi kateqoriyada qalib olmuş layihəsinin icra müddəti 3 ay olub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.