"Oynayaraq öyrənirik" layihəsinin bağlanış mərasimi olub.
13 dekabrda “Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi”nin fərdi kateqoriyada qalibi olmuş "Oynayaraq öyrənirik” layihəsinin bağlanış mərasimi keçirilib.
Bakı şəhəri N.Məmmədov adına 9 saylı tam orta məktəbin akt zalında baş tutan mərasimdə məktəb kollektivi və dəvət olunmuş qonaqlar iştirak ediblər.
Layihənin əsas məqsədi Bakı şəhəri N. Məmmədov adına 9 saylı tam orta məktəbin şagirdləri üçün fərdi inkişaf təlimlərinin təşkil edilməsi və bu bacarıqlarının möhkəmləndirilməsi üçün yaradıcılıq məşğələlərinin keçirilməsindən ibarətdir. Layihə çərçivəsində mütəxəssislərlə birlikdə şagirdlər üçün yaradıcı məşğələlərl, drama və rəqs məşğələləri ilə zəngin olan proqramların təşkil edilməsi nəzərdə tutulub.
Bakı şəhəri N.Məmmədov adına 9 saylı tam orta məktəbin müəllimi Sona Hacılının rəhbərliyi ilə fərdi kateqoriyada qalib olmuş "Oynayaraq öyrənirik” layihəsinin icra müddəti 3 ay olub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi Azərbaycan Respublikası Təhsil Naziriyi tərəfindən dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.