Doktorantura təhsilinin yenidən qurulması və inkişafı ilə bağlı görüş keçirilib
Yanvarın 29-da “Azərbaycanda doktorantura təhsilinin Avropa ali təhsil tələbələrinə uyğun yenidən qurulması və inkişafı- NİZAMİ” layihəsi ilə bağlı növbəti görüş keçirilib.
Bakı görüşündə layihə çərçivəsində ali təhsil müəssisələrində doktorantura səviyyəsinin standartlarının yaradılması, doktorantura təhsilinin maliyyələşdirilməsi, milli idarəetmə portalının istifadəyə verilməsi kimi önəmli məsələlər müzakirə olunur.
Görüşün sonunda müzakirə olunan məsələlərlə bağlı qərar qəbul olunacaq. Müzakirələr fevralın 1-dək davam etdiriləcək.
Layihə 2014-cü ildə Azərbaycanın bir sıra ali təhsil müəssisələri, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Fransanın Monpelye Universitetinin rəhbərliyi, İsveç, Çexiya, Almaniya və İspaniyanın bir sıra ali təhsil müəssisələrinin əməkdaşlığı ilə Avropa İttifaqının Təhsil, Audiovizual və Mədəniyyət üzrə İcraçı Agentliyinin Erasmus+ proqramı çərçivəsində həyata keçirilir. Layihənin icrasına 2015-ci ildə başlanılıb və ölkə üzrə koordinatoru Təhsil Nazirliyidir.
Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və 9 ali təhsil müəssisəsinin, eləcə də Avropanın 5 aparıcı universitetinin iştirak etdiyi NİZAMİ milli layihəsinin əsas məqsədi Azərbaycanda doktorantura təhsilinin mövcud vəziyyəti və Avropanın doktorantura təhsili ilə müqayisəli təhlilinin müəyyənləşdirilməsi, Azərbaycanda doktorantura təhsilinin təşkili qaydalarının yenidən hazırlanması, ixtisas təsnifatının Avropada mövcud olan təsnifata uyğunlaşdırılmasıdır.