28.02.2018

Təhsil İnstitutunda nümunəvi fənn kurikulumlarının hazırlanması ilə bağlı tədbir keçirilib

Fevralın 28-də Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) Ümumi təhsilin və məktəbdənkənar təhsilin kurikulumu şöbəsinin təşkilatçılığı ilə “12 illik ümumi təhsilin səviyyələri üzrə nümunəvi fənn kurikulumlarının hazırlanması” adlı tədbir keçirilib.

Tədbirdə AR Tİ-nin direktor müavini Ənvər Abbasov, “İşçi qruplarının təsdiqi barədə” Azərbaycan Respublikası təhsil nazirinin 26 dekabr 2016-cı il tarixli 850 nömrəli əmrinə əsasən yaradılan işçi qruplarının rəhbərləri Piralı Əliyev, İntiqam Cəbrayılov, Akif Əliyev, Əlişah Gərayev, Natiq Axundov, Ceyhun Məmmədyarov,  Bibixanım İbadova, Nərminə Seyfullayeva, Könül Mahmudova, Nailə Mustafayeva; əlaqələndiriciləri və üzvləri iştirak edib.

Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2015-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”na əsasən 2017-ci ildə işçi qrupları tərəfindən hazırlanmış ibtidai və ümumi orta təhsil səviyyələri üzrə səriştəyə əsaslanan şəxsiyyətyönümlü fənn kurikulumları  barədə məlumat verən Ənvər Abbasov eyni zamanda, tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, bu işlər tam orta təhsil səviyyəsi üzrə də həyata keçirilməli və cari ilin may ayına qədər yekunlaşdırılmalıdır.

Bundan əlavə, ARTİ-nin direktor müavini qeyd edib ki, tamamlanmış fənn kurikulumları  redaktə edilərək mətbuatda dərc olunacaq və ictimaiyyətin müzakirəsinə təqdim ediləcəkdir.

Qeyd edək ki, sonda tədbir iştirakçılarını maraqlandıran suallar Ənvər Abbasov tərəfindən cavablandırılıb.