04.04.2018

Türkiyənin təhsil mütəxəssisi Təhsil İnstitutunda olub

Aprelin 4-də  Azərbaycan Respublikasının Təhsil İnstitutunda (ARTİ) Türkiyənin təhsil mütəxəssisi, doktor Erdem Söylemezin seminarı keçirilib.  Öncə qonağı salamlayan ARTİ-nin direktor müavini, Elmi-Pedaqoji Mərkəzin direktoru Faiq Şahbazlı  institutun fəaliyyəti barədə məlumat verib, Elmi-Pedaqoji Mərkəzin  müəllimlərin elmi sahə ilə yanaşı praktik iş fəaliyyətlərinin inkişafı yönündə gördükləri uğurlu işlərdən söz açıb.

Dəvətə görə institut rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirən doktor Erdem Söylemez  Azərbaycan təhsilinin inkişafa doğru irəliləməsində İnstitutun fəaliyyətinə,  orada çalışan alimlərə və digər əməkdaşlara uğurlar  arzulayıb. 

Sonra türkiyəli  mütəxəssis müəllim və şagird arasında ünsiyyət, idarəetmə və liderlik, XXI əsr şagirdinin təhsilində müəllimin rolu, dərs prosesində vaxtın idarəolunması,  qiymətləndirmə və digər istiqamətlər üzrə maraqlı mövzuları əhatə edən  seminarına başlayıb. Təqdimatla çıxış edən   doktor Erdem Söylemez ən son təhsil nailiyyətlərini özündə əks etdirən  beynəlxalq araşdırmalara dair hesabatların açıqlamalarından  maraqlı məqamlara toxunub . Seminarın sonunda  iştirakçılar mövzu ətrafında maraqlı müzakirələr və fikir mübadiləsi  aparıblar. Məktəbdaxili təşkilatçılıqda bərabərlik və ədalət, idarəetmədə və ailədə  şəxsi nümunələr, müsbət inkişafa doğru uğurun qazanılması yolları, öyrənməyə açıq olmaq, bildiklərini bölüşmək və əməkdaşlıq, qarşılıqlı hörmət haqqında geniş müzakirə mövzusu olub, bu zaman yaranan suallar  cavablandırılıb.

Seminarda ARTİ-nin rəhbərliyi və  əməkdaşlar, müəllimlər, doktorantlar iştirak ediblər. Qeyd edək ki, seminar ARTİ-nin beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri, əməkdar müəllim Almaz Həsrətin  təşəbbüsü ilə keçirilib.

Sonda EPM-in direktoru F.Şahbazlı ARTİ-nin rəhbərliyi və kollektivi adından Təhsil  İnstitutu ilə qarşılıqlı əməkdaşlığın və davamlı görüşlərin keçirilməsinin vacibliyini vurğulayaraq, maraqlı və məzmunlu seminarına görə Erdem Söylemezə təşəkkür edib.