PISA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı çərçivəsində keçirilən seminar-dərslər başa çatıb
Aprelin 10-da Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) və Bakı şəhəri üzrə Təhsil İdarəsinin birgə əməkdaşlığı çərçivəsində paytaxt məktəblərində PISA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün təşkil olunan seminar-dərslər yekunlaşıb.
Seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PISA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir.
Beynəlxalq qiymətləndirmə üzrə koordinatorlar tərəfindən keçirilən seminar-dərslərdə 2017-ci ilin iyun və dekabrında təşkil olunmuş sınaq qiymətləndirmələrdə yüksək nəticə göstərmiş 2002-ci il təvəllüdlü şagirdlər iştirak edib.
Seminar-dərslər 20 fevral - 10 aprel 2018-ci il tarixlərini əhatə edib.
Beynəlxalq qiymətləndirmə tədqiqatının elektron əsaslı olması nəzərə alınaraq, məktəblilərin istifadəsi üçün www.istedad.edu.az saytı da yaradılıb. Saytda Azərbaycan dili, kimya, fizika, biologiya, coğrafiya və riyaziyyat fənləri üzrə simulyativ tapşırıqlar yerləşdirilib.
Qeyd edək ki, PISA – Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı (Programme for International Student Assessment) tədqiqatı İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı tərəfindən 3 ildən bir təşkil olunaraq, 15 yaşlı şagirdlərin oxu, riyaziyyat və elm sahələri üzrə məktəbdə qazandığı biliklərdən həyatda, məişətdə qarşılaşdıqları problemləri həll etmək üçün istifadə etmək bacarığını yoxlayır.