28.07.2018

"Təhsil menecerlərinin peşəkar inkişafı" layihəsi iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib

26-28 iyul tarixlərində Qubada Azərbaycan Respublikasının Təhsil İnstitutunun (ARTİ) təşkilatçılığı ilə “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi iştirakçılarının mükafatlandırılması mərasimi keçirilib.

Layihənin əsas məqsədi müasir idarəetmə bacarıqlarına yiyələnmiş, informasiya texnologiyalarına bələd, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək təhsil işçilərini yetişdirmək və təkmilləşdirməkdən ibarətdir.

Tədbirdə həm 2016-cı, həm də 2017-ci ildə “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi çərçivəsində keçirilən müsabiqədə müvəffəqiyyət qazanan şəxslər iştirak edib.

İlk öncə təhsil menecerlərinin yekun hesabatları dinlənilib. Daha sonra 2 illik təcrübəyə əsasən çatışmazlıqlar və uğurlu nəticələr, həmçinin təcrübə proqramı müddətində menecerlərin gördükləri işlər müzakirə olunub və gələcək hədəflər planlaşdırılıb.

Sonda layihə iştirakçılarının hər birinə sertifikatlar təqdim edilib.

Qeyd edək ki, “Təhsil menecerlərinin peşəkar inkişafı” layihəsi təhsil sahəsində insan resurslarının inkişaf etdirilməsi və müasirləşdirilməsi məqsədilə bu sahədə işləyən və ya gələcəkdə çalışmaq arzusunda olan şəxslərin Təhsil Nazirliyinin tabeliyində olan qurumlarda  bir il müddətinə təcrübə proqramına və təlimlərə cəlb olunması üzrə müsabiqədir. Müsabiqə “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq həyata keçirilir.