16.09.2018

"Ömür boyu təhsil" layihəsi çərçivəsində sonuncu təlim keçirilib

16 sentyabrda Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Göygöl rayon S.Vurğun adına 3 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Natavan Qocayevanın “Ömür boyu təhsil” adlı layihəsi çərçivəsində sonuncu təlim keçirilib.

Layihənin əsas məqsədi xarici dil müəllimlərini praktik ingilis dili təlimləri ilə təmin etmək, xarici dilin tədrisində müasir yanaşma və metodlarla tanış etməkdir. Üç ay ərzində davam etməsi nəzərdə tutulmuş layihədə Göygöl məktəblərində çalışan 21 nəfər ingilis dili müəllimi iştirak etmək hüququ qazanmışdır.

Layihə iştirakçıları 12 təlim müddətində bir neçə istiqamətdə seminarlarda iştirak ediblər. Birinci istiqamət  beynəlxalq proqramlar əsasında müəllimlərin praktik İngilis dili bacarıqlarını inkişaf etdirmək üçün təşkil olunmuşdur. Cambridge universitetinin qabaqcıl proqramlarını rəhbər tutaraq müəllimlər hər təlimdə çoxsayda dinləmə, danışma, yazı və oxu tapşırıqlarını yerinə yetiriblər. Təlimin ikinci hissəsi dilin öyrədilməsi texnikaları, öyrətmə və öyrənmə ilə əlaqədar müxtəlif yanaşmalar, müəllimin rolları, xarici dilin tədrisi zamanı yol verilən səhvlər və onların aradan qaldırılması və s. pedoqoji mövzuları əhatə edən seminarlardan ibarət olmuşdur. Bu mərhələ müəllimlərə  həm yeni yanaşmalarla tanış olmağa həm də öz təcrübələrini digər müəllimlərlə bölüşməyə imkan vermişdir. 

Layihə rəhbəri N.Qocayeva qeyd edib ki, xarici dil müəllimlərinin əməkdaşlığını zəruri edən amillərdən biri də onların mütəmadi olaraq tədris etdikləri dili rahat şəkildə danışa bilməsi zərurətidir. Malumdur ki, İngilis dili müəllimlərinin gündəlik həyatlarında ingilis dilində ünsiyyət qurmaq imkanları yetərli səviyyədə olmur və elə bu səbəbdən də ingilis dili ünsiyyət klubları müəllimlər üçün çox faydalı ola bilər. Layihə çərçivəsində təşkil olunan ünsiyyət klubları iştirakçılar tərəfindən müsbət qarşılanmış və layihə başa çatdıqdan sonra da mütəmadi görüşlər keçirmək barədə ortaq qərar verilmişdir. Deyə layihəə rəhbəri

Layihənin yay tətili ərəfəsində keçirilməsi müəllimlərə eyni zamanda asudə vaxtlarını həm öyrənərək, həm də əylənərək keçirməyə imkan vermişdir. Müəllimlər üçün təlimlərdən sonra gəzintilər təşkil etdilmiş, maraqlı oyunlar və viktorinalar keçirilmişdir.

Sonuncu təlimdən sonra iştirakçı müəllimlərə sertifikatlar təqdim olunub.

Layihənin icra müddəti 20 iyun 2018 - 20 sentyabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.