21.09.2018

"Sinifdənxaric oxu üçün video resursların hazırlanması" layihəsi uğurla davam etdirilir

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Beyləqan rayon Şəfəq qəsəbə tam orta məktəbin riyaziyyat müəllimi Çəndirli Günayın "Sinifdənxaric oxu üçün video resursların hazırlanması" adlı layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi şagirdlərin maraqlarını sinifdənxaric oxu fəaliyyətinə cəlb etmək və bu prosesi onların tələblərinə uyğun qurmaq üçün Azərbaycan dilində video resursların hazırlamaqdır. Bu məqsədlə layihə çərçivəsində sinifdənxaric oxu materialı kimi şagirdlərin ən çox sevdiyi nağıl və hekayələri sorğu vasitəsi ilə müəyyənləşdirmək, layihə prosesinə bacarıqlı və istedadlı şagirdləri cəlb etmək, dünya uşaq ədəbiyyat nümünələrinə uyğun hekayələri uşaqların ifasında səsləndirmək və bu hekayələrə uyğun müxtəlif şəkillər və illüstrasiyalar təqdim etmək, şagirdlər tərəfindən səsləndirilən ifalar və şəkillər əsasında video resurslar hazırlamaq, bu videolar əsasında şagirdlərin dünyagörüşünü artırmaq, onları nağıl və hekayələrin qəhrəmanları ilə yaxından tanış etmək, video dərsləri youtube kanalında yerləşdirərək ictimaiyyətin istifadəsinə təqdim etmək məzərdə tutulub.

Artıq layihə çərçivəsində işçi heyət müəyyən edilib, ekspertlər tərəfindən uşaqların ən çox sevdiyi nağıl və hekayələr seçilib, hazırlanacaq video materialın vizual sxemi qurulub və müəyyən edilmiş ssenarilər əsasında videoların çəkilişən başlanılıb. Bundan sonra isə işçi heyətinin iştirakı ilə video montaj işlərinin aparılması nəzərdə tutulub. Layihənin sonunda ümumilikdə 5 video materialın hazırlanması planlaşdırılır.

Beyləqan rayon Şəfəq qəsəbə tam orta məktəbin 9-14 yaşlı şagirdlərini əhatə edən layihənin icra müddəti 3 aydır və 2018-ci ilin oktyabr ayının əvvəllərində layihənin baölanış mərasiminin keççirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.