21.09.2018

Sağlamlıq imkanları məhdud olan şagirdləri əhatə edən layihə üzrə işlər uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Qazax şəhər İ.Qayıbov adına 3 saylı tam orta məktəbin müəllimi Tahirə Xasməmmədovanın “Biz birlikdə güclüyük” adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.

Qazax şəhəri  və eləcə də kənd məktəblərinin sağlamlıq imkanları məhdud olan şagirdlərini və eləcə də dil klubu üzvlərini  əhatə edən "Biz birlikdə güclüyük" layihəsinin əsas məqsədi sağlamlıq imkanları məhdud  uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaqdır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlara normal insanlar kimi XXI əsrin xüsusiyyətləri və tələb olunan səriştələri aşılamaq, bilik və bacarıqlara yiyələnmələri zərurətini dərk etdirmək, peşə seçimlərinə uyğun dil bacarıqlarını formalaşdırmaq, qabiliyyəti artırmaq, müasir innovasiyalardan məqsədli və səmərəli istifadəni çevik mənimsətmək,  beynəlxalq  inkişaf konsepsiyasına uyğun insan kapitalı potensialının inkişafına nail olmaq da məqsədlər arasındadır.

Artıq layihənin hazırlıq mərhələsi başa çatıb. Layihə çərçivəsində psixoloqlarla görüşlər keçirilib, sənaye müəssisələrinə turlar təşkil edilib, rayonun bütün məktəblərinə səfərlər edərək orada olan fərdi təhsilə cəlb olunmuş şagirdlərlə görüşlər keçirilib.

22 sentyabrda layihə rəhbəri Tahirə Xasməmmədovanın müəllifi olduğu  “İmkanlar sərhəd tanımır” adlı kitabın təqdimat mərasiminin keçirilməsi nəzərdə tutulub.

“Bu dünya hamımızındır” şüarı ilə icra edilən layihə öz işini bu ayın sonlarında yekunlaşdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.