29.09.2018

Bərdə Peşə Liseyinin rəhbər və mühəndis-pedaqoji heyətinə təlimlər keçirilib

24-28 sentyabr 2018-ci il tarixlərində Bərdə şəhərində Bərdə Peşə Liseyininin (BPL) rəhbər və mühəndis-pedaqoji heyəti üçün 5 günlük təlimlər keçirilib.

“Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi çərçivəsində həyata keçirilən təlimlərdə liseyin iyirmiyə yaxın işçisi iştirak edib.

Təlimlərin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunu, “Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair  Strateji Yol Xəritəsi” və digər hüquqi - normativ sənədlərin tələbləri baxımından BPL-nin rəhbər və mühəndis-pedaqoji heyətini texniki peşə təhsilinin  müasir idarəetməsi mövzusunda təlimləndirməkdir.

BPL-nin rəhbər və mühəndis-pedaqoji heyəti tərəfindən maraqla qarşılanan və qarşılıqlı fikir mübadilələri şəraitində keçən təlim həftəsində təlimçilər Tofiq Sadıxov “Liderlik, komanda işi və motivasiya”, Rəsul Əsgərov “Kurikulum. Əmək bazarı, peşə və kvalifikasiya”, “Kurikulum. Modul tipli kurikulumlar əsasında təlim materiallarının planlaşdırılması və uçotu” və “BPL-də PTT–nin təkmilləşdirilməsi üçün müasir (modern) qiymətləndirmə metodlarının tətbiqi”, Nicat Hüseynov “Strateji planlaşdırma” və “Keyfiyyət təminatı sistemi”, Kənan Kərimli “Marketinq və imic”, Habil Qədimov “Maliyyə idarəetməsi” mövzularında təlimlər keçiblər.

Təlimlərin gedişatında hər bir mövzudan əvvəl və sonra iştirakçıların ilkin və yekun diaqnostik qiymətləndirilməsi də həyata keçirilib.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi tərəfindən həyata keçirilən “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi “Azərbaycanda peşə təhsili və təlimi mərkəzlərinin modernləşdirilməsi” proqramı çərçivəsində həyata keçirlir. Layihənin tərəfdaşları Azərbaycan Respublikasının Təhsil İnstitutu, Jarvarmaa Kutshariduskeskuse Peşə məktəbi (Estoniya) və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasıdır.

2017-ci ilin oktyabr ayından həyata keçirilən “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsinin əsas hədəf qrupları BPL-in idarəetmə heyəti və müəllimləri, cari və potensial tələbələr və BPL-dən məzun olan tələbələr ilə maraqlanan özəl sektor və sahibkarlardır.

Layihənin qarşısında duran əsas vəzifələr BPL-in institusional və idarəetmə sistemini təkmilləşdirməklə onun modernləşməsinə dəstək vermək, tələb və nəticə yönümlü kurrikulum hazırlamaq və tətbiq etmək, BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək, BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək və BPL-də Keyfiyyət Təminatı Sistemi və Performans İdarəetmə Sistemi yaratmaq, mövcud infrastruktur və maddi texniki bazanı yaxşılaşdırmaqla BPL-in modernləşdirilməsinə töhfə vermək, Karyera İnkişafı və Kənd Təsərrüfatı Sahibkarlığı Mərkəzi yaratmaqla BPL-ni yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıtmaqdır.