"Təhsil, innovasiya və gənclik" layihəsinin yekun hesabat tədbiri keçirilib.
21 sentyabrda Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Qax rayonu İlisu kənd tam orta məktəbinin kimya müəllimi Günay Mahmudovanın “Təhsil, innovasiya və gənclik” layihəsinin yekun hesabat tədbiri keçirilib.
Qax rayon təhsil şöbəsinin akt zalında baş tutan tədbirdə RTŞ-nin rəhbərliyi, əməkdaşları, məktəb direktorları, psixoloqlar və gənc müəllimlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan RTŞ-nin müdiri Məmməd Xasiyev öz çıxışında bildirib ki, artıq ikinci ildir ki, Təhsil Nazirliyi tərəfindən bu müsabiqə həyata keçirilir. Təhsil Nazirliyi tərəfindən elan olunan təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi çərçivəsində qalib olan 41 ümumi təhsil müəssisəsi və 125 fərdi kateqoriya üzrə seçilən layihələr ölkəmizin 50-ə yaxın rayon və şəhərində icra olunmaqdadır. M.Xasıyev iştirakçıların nəzərinə çatdırıb ki, 125 fərdi kateqoriya üzrə seçilən layihələrdən ikisi Qax rayonunda icra olunur. Layihələr müasir tələblər baxımından məktəbdaxili rəhbərlik və nəzarətin təkmilləşdirilməsi, pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, məktəb-icma (valideyn) münasibətlərinin təşəkkülü və inkişaf etdirilməsi, keyfiyyətin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq olunması, istedadlı uşaqlarla işin təşkili və ümumilikdə 9 mövzu üzrə müxtəlif fəaliyyətləri özündə əks etdirir. Layihələrin icrasına nəzarət məqsədi ilə Təhsil Nazirliyinə tabe olan müxtəlif qurumlar tərəfindən monitorinqlər həyata keçirilir.
Daha sonra layihə rəhbəri Günay Mahmudova çıxış edərək layihə çərçivəsində görülən işlər barədə hesabat verib. O, bildirib ki, təhsildə inkişaf və innovasiyalar üzrə II qrant müsabiqəsi çərçivəsində qalib olmuş “Təhsil, innovasiya və gənclik” layihəsinin mövzusu pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsidir. Layihənin məqsədi Qax rayonunun ümumtəhsil müəssisələrində təhsilverən 25-35 yaş intervalında olan gənc müəllimlərin potensialını üzə çıxarmaqdır. Layihənin icrası 3 ayı əhatə edib. İlk öncə layihənin seçim turunun keçiriləcəyi elan olunub. Elan Qax RTŞ-nin rəsmi facebook səhifəsində yerləşdirilib. İyulun 12-də Qax şəhər 4 nömrəli tam orta məktəbdə gənc müəllimlərin seçim turu həyata keçirilib. Seçim turunda müəllimlər tərəfindən kurikulum və məntiqdən ümumilikdə 65 sual cavablandırılıb. Daha sonra seçim turunda iştirak edən gənc müəllimlərin yaradıcılıq xüsusiyyətlərini təyin etmək, əməkdaşlıq və yaradıcılıq imkanlarının artırılması üçün səmimi və rahat öyrənmə mühitinin təşkil etmək məqsədilə müxtəlif görüşlər, seminarlar, dəyirmi masalar keçirilib.
İyulun 18-də İlisu kənd tam orta məktəbində layihə iştirakçılarının Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Yaş və pedaqoji psixologiya” kafedrasının bir qrup müəllimi ilə görüşü keçirilib.
Görüşdə ADPU-nun “Yaş və pedaqoji psixologiya” kafedrasının baş müəllimi, Azərbaycan Respublikası Təhsil İnstitutunun psixologiya elmləri doktoru proqramı üzrə doktorant Mehriban İsmayılova, “Yaş və pedaqoji psixologiya” kafedrasının baş müəllimi, “Loqos” psixoloji mərkəzinin psixoloqu Nigar Məmmədova, ADPU-nun doktorantı, “Yaş və pedaqoji psixologiya” kafedrasının baş müəllimi Münəvvər Məmmədova, Qax rayonu Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Elina Məmmədova, İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova və başqaları iştirak edib.
Tədbirdə müəllimləri maraqlandıran suallar cavablandırılıb, müəllim-şagird, müəllim-müəllim münasibətlərinə toxunulub, müasir məktəb və psixologiya, şagirdlərin həssas dönəmlərində onlarla davranış qaydaları, natamam ailələrin uşaqlarına xüsusi diqqət və qayğının tələb olunması, aqressiv şagirdlərlə iş və s. haqqında fikir mübadiləsi aparılıb.
Daha sonra icra planına uyğun olaraq "Təhsil, innovasiya və gənclik" layihəsi çərçivəsində təlimlərə start verilib. 3-6 avqust tarixində müəllimlər üçün təşkil olunmuş praktik seminarın mövzusu "İnnovasiya, təhsilə müasir baxış" olub. Təlim iştirakçıları üçün gəzinti turu təşkil olunub. 25-29 avqust tarixlərində Qax rayonu İlisu kəndində yerləşən "Uludağ" istirahət mərkəzində yay düşərgəsi keçirilib. Seçim turunda ən yüksək bal toplayan 10 nəfər müəllim düşərgədə iştirak etmək hüqüqu qazanıb.
Günay Mahmudova qeyd edib ki, layihənin icra planında nəzərdə tutulmuş bütün tədbirlər həyata keçirilib. Avqustun 30-da rayon təhsil şöbəsinin akt zalında layihənin təqdimat mərasimi keçirilib. Tədbirdə rayonun ümumtəhsil müəssisələrinin direktorları iştirak edib. Müəllimlər və məktəb rəhbərləri məzuniyyətdə olduğundan təqdimat nəzərdə tutulduğu tarixdən gec keçirilib.
Layihənin icrasının davamı olaraq bu il rayon təhsil şöbəsinin nəzdində fəaliyyət göstərən “Yaradıcı müəllimlər birliyi”nin fəaliyyəti canlandırılacaq, səmərəli əməkdaşlıqlar, müzakirələrin aparılması üçün şərait yaradılacaqdır.
Tədbirdə İlisu kənd tam orta məktəbinin direktoru Aybəniz Məmmədova və Qax rayonunda icra olunan digər layihənin rəhbəri Səlimə Seydəliyeva da çıxış edib, iştirakçılara bukletlər paylanılıb.
Sonda layihənin bir qrup iştirakçıları və fəal əməkdaşlıq etmiş məktəb direktorlarına sertifikat verilib, layihənin gedişatını əks etdirən film nümayiş etdirilib.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.