01.10.2018

Lənkəranda "Məktəblilərin sağlamlıq və idman klubu" layihəsi başa çatıb.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Lənkəran rayonu, Tükəvilə kənd tam orta məktəbinin Coğrafiya müəllimi Samir Salayevin “Məktəblilərin sağlamlıq və idman klubu” layihəsi uğurla başa çatdı.

Layihənin əsas məqsədi Lənkəran məktəblilərini zərərli vərdişlərə qarşı tədbirlər görməyə hazırlamaqdan ibarət olub. Bu məqsədələ rayonun 20-dən artıq məktəbindən 25 şagird seçilərək layihəyə cəlb edilib.

Əvvəlcə layihə çərçivəsində seçim turundan keçən 25 şagird üçün 2 günlük təlim düşərgəsi təşkil olunub. Düşərgədə məktəblilər üçün “Sağlam həyat tərzi”, “Sağlamlıq və İdman”,  “Zərərli vərdişlərə yox”, “Liderlik” və “Məktəbdaxili idman yarışlarının səmərəli təşkili qaydaları” mövzularında təlimlər, təlim mövzularıyla bağlı maraqlı bilik  və idman yarışları təşkil olunub. 20 Avqust 2018-ci il tarixində isə Lənkəran şəhərində “Zərərli vərdişlərə yox!” adlı yerüstü rəsm aksiyası həyata keçirilib. Aksiya zamanı layihə iştirakçısı olan məktəblilər asfalt üzərində zərərli vərdişlərə qarşı rəsmlər, şüarlar çəkib, öz mesajlarını ifadə ediblər. “Məktəblilərin sağlamlıq və idman klubu” layihəsinin bütün iştirakçıları uğurlu iştiraklarına görə Lənkəran şəhər təhsil şöbəsinin sertifikatları ilə də təltif olunublar.

Təlim düşərgəsi və yerüstü rəsm aksiyasından sonra həmin məktəblilər zərərli vərdişlərə qarşı ən effektiv mübarizə kimi idman tədbirlərinin təşkili və ora şagirdlərin cəlbini seçiblər. Buna görə də öz təhsil aldıqları orta məktəblərdə könüllü olaraq şagird həmkarları ilə birlikdə Sağlamlıq və idman klubları yaradaraq tədris ili ərzində 2 aydan bir olmaqla dama, şahmat, futzal, voleybol, tir atıcılığı və s. idman turnirlərinin həyata keçirilməsi ilə bağlı könüllü tədbirlər planı üzrə ilkin fəaliyyətə başlayıblar. Bu amil layihənin davamlılığını təmin edəcəkdir.

Bu ilin iyul ayından icrasına başlanılan layihənin icra müddəti 3 ay olub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.