Qusarda "Müəllimlərin inkişafına dəstək" adlı layihənin icrasına başlanılıb
28 sentyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Kamran Əliyevin "Müəllimlərin inkişafına dəstək" adlı layihəsinin təqdimat mərasimi keçirilib.
Qusar şəhər Elxan Güləliyev adına 2№-li tam orta məktəbində baş tutan tədbirdə Qusar Təhsil Şöbəsinin əməkdaşları, məktəb direktorları və müəllimlər iştirak ediblər.
Giriş sözü ilə tədbiri açan layihə rəhbəri Kamran Əliyev layihənin məqsədi barədə ətraflı məlumat verib və bildirib ki, layihənin məqsədi təhsilə yararlı Web 2 alətləri ilə müəllimləri tanış etmək, aktiv şəbəkə fəaliyyəti üçün müəllimlərin motivasiyasını artırmaq və onlarda bu istiqamətdə zəruri olan bilik və bacarıqları formalaşdırmaqdan ibarətdir. O, qeyd edib ki, layihə Qusar şəhər və ətraf kənd məktəblərində çalışan pedaqoji isçiləri əhatə edir.
Çıxış edən digər qonaqlar İKT-nin təhsilin inkişafındakı rolundan və o sahədə aparılan məqsədyönlü işlərdən danışıblar.
Layihə çərçivəsində 80-85 müəllimin əldə etdiyi İKT, Web2 alətləri haqqında bilik və bacarıqlar layihədən sonrada həmin müəllimlərin dərslərində, dərsdənkənar məşğələlərində və müəllim kollektivində tətbiq edilməklə davam və inkişaf etdirmək nəzərdə tutulub. Müəllimlər üçün layihə çərçivəsində sosial şəbəkədə (“facebook”-da) yaradılacaq qrup onlara Web2 alətləri ilə bağlı yenilikləri izləmək, Web2 alətlərinin köməyi ilə yaradılan işləri paylaşmaq və ya dərslərində yaranan çətinliklərlə bağlı sualları müzakirəyə çıxarmaq imkan yaradacaq.
Bu ilin noyabr ayında layihə öz işini başa çatdıracaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.