29.09.2018

"Gəzdiklərim, gördüklərim, düşündüklərim" layihəsi üzrə işlər davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Püstəxanım Əsədovanın “Gəzdiklərim, gördüklərim, düşündüklərim” adlı layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi Neftçala rayonunun ucqar kəndlərində təhsilinə davam edən, gələcəyimizin təminatı olan şagirdlərimizin tarixi, mədəni, sosial, turistik yerlərə səyahətlərini təşkil edərək, onlara  vətən sevgisi aşılamaq, özünəinam formalaşdırmaq, təhsildən yayınmalarının qarşısını almağa çalışmaq və peşə maraqları formalaşdırmaqdır.

20-28 sentyabr tarixlərində məktəbin psixoloqu, layihə icraçısı  Elmir Tağıyev tərəfindən təhsildən yayınan və problemli şagirdlərlə inkişafetiricin-korreksiyaedici işlər aparılmış, psixoloji testlər keçirilmişdir. Psixoloji testlərin nəticələri əks oluan şagird psixoloji kartları hazırlanmışdır.

Layihə çərçivəsində şagirdlər üçün 3 ay ərzində periodik olaraq bəlli bir proqram daxilində Neftçala rayonunun əvvəlcədən müəyyənləşdirlimiş tarixi-mədəni yerlərinə, eyni zamanda ictimai-sosial obyektlərinə ekskursiyalar təşkil etmək və ekskursiya çərçivəsində topladıqları məlumatları, çəkdikləri şəkilləri, duyğu və düşüncələrini ifadə edə biləcəkləri bülleten hazırlamaq da nəzərdə tutulub.

Layihənin təqdimatı 2 iyul 2018-ci il tarixində Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbdə keçirilib. Tədbirdə müəllimlər, valideynlər, orta məktəbin şagird və məzunları, layihənin idarə heyətinin üzvləri iştirak ediblər. Layihə icraçısı, məktəbin psixoloqu T.Elmir layihənin məqsədi, icra planı, görüləcək işlərlə bağlı ətraflı məlumat verib.Tədbir məktəbin həyətində iməcliklə yekunlaşdırıb, 50-yə yaxın ağac və gül kolları əkilib.

14 avqust 2018-ci il tarixində Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbin 5-11 ci siniflərindən ibarət şagird qrupu, layihə icraçısı T.Elmirin başçılığı ilə Neftçala Yod zavodunda  ekskursiyada olublar. Neftçala Yod zavodunda yod sexinin aparıcı mütəxəssisi Q.Etibar yod zavodunun fəaliyyəti, gələcək perspektivləri və yodun alınma prosesi ilə şagirdləri yaxından tanış etmişdir. Neftçala yod zavodunun fəaliyyəti, istehsalat prosesi  şagirdlər tərəfindən olduqca maraqla qarşılandı. Heç bir xammaldan istifadə etmədən, mədən sularından alınan bu qiymətli sərvətin əhəmiyyəti və alınma prosesini maraqla izləmişlər. Zavodun illik yod istehsalı, burda çalışan mütəxəssislərlə tanışlıq şagirdlərdə təhsilə, rayonun iqtisadi inkişafında yaxından iştirak etməyə dərin maraq oyatmışdır. Sonra Neftçala rayon H.Əliyev mərkəzi və “Xocalı” şəhidlərinin anım xatirəsinin ziyarəti ilə ekursiya davam etdib. Ekskursiya Neftçala tairx diyarşünaslıq muzeyinə səfərlə başa çatıb. 21 avqust 2018 ci il tarixdə Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbin 5-11 ci siniflərindən ibarət şagird qrupu, məktəbin psixoloqu, layihə icraçısı T.Elmir, fizika müəllimi A.Mirülvi ilə birlikdə Neftçala Balıqartırma zavodu, Pambıqtəmizləmə zavodu və rayonun mədəni-turistik yerlərinə səfərlər təşkil edilmişdir.

Layihə çərçivvəsində 20 sentyabr 2018 ci il tarixində İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbdə  pedaqoji heyyət, valideynlər, kənd ziyalıları, kənd bələdiyyə nümayəndəsinin iştirakı ilə  maarifləndirici seminar keçirilib. Seminarda təhsilin vacibliyi, şagirdlərin peşə seçiminə dəstək, regionun tələbatı olan  əmək bazarı, təhsil maraqlarının artırılması, psixi sağlamlıq və s. mövzularda fikir mübadiləsi aparılıb.

İcra müddəti 3 ay olan layihə oktyabr ayının əvvəlində öz işini başa çatdıracaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.