15.09.2018

Coğrafiya müəllimləri üçün təlimlər başa çatıb.

14 sentyabr 2018-ci il tarixdə Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbin direktor müavini, coğrafiya müəllimi Camal Bərxudarovun “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsi üzrə təlimlər başa çatıb.

Layihənin əsas məqsədi coğrafiya müəllimlərinin peşəkarlıq səviyyəsinin artırılması, inteqrativliyin təmin olnması və yeni təlim resurslarının hazırlanması, elektron xəritələrdən, multimedia resurslarından istifadə bacarıqlarının inkişaf etdirilməsi və s. tədbirlərin həyata keçirilməsidir. Layihə çərçivəsində həyata keçirilən təlimlər Mingəçevir şəhəri, Ağdaş, Bərdə və Yevlax rayonlarının ümumi təhsil məktəblərində çalışan coğrafiya müəllimlərini əhatə edirdi. Beş günlük təlimlərə ümumilikdə 112 nəfər coğrafiya müəllimi cəlb olunmuşdur.

Layihə çərçivəsində iştirakçılara müvafiq komputer proqramlarının köməyi ilə xəritələrin elektron formada hazırlanması, ondan istifadə etməsi, xəritələr üzərində məsafələrin təyin edilməsi, sahənin hesablanması və s. işlərin görülməsi ilə bağlı vacib izahatlar verildi, praktiki işlər, tapşırıqlar yerinə yetirildi.

Layihə çərçivəsində müəllimlər əldə etdikləri bilik və bacarıqları sayəsində öz dərslərində CİS-dən (Coğrafi İnformasiya Sistemləri), elektron xəritələrdən istifadə etməklə və şagirdlərə CİS-lə bağlı tapşırıqlar verməklə şagirdlərin dərsə olan marağını daha da artıracaq, dərslikdəki tapşırıqların yerinə yetirilməsi üçün onlara dəstək olacaq. Həmçinin şagirdlərin kontur xəritə üzərində coğrafi obyektləri işləməsinin əhəmiyyəti yüksək olduğu kimi, gələcəkdə bu obyektləri CİS-də işləmək ona daha maraqlı, dəqiq və əhəmiyyətli olacaq.

Qeyd edək ki, “Coğrafiya müəllimlərinin elektron xəritələrdən və multimedia resurslarından istifadə kompetensiyalarının inkişaf etdirilməsi” layihəsinin təqdimatı 13 iyul 2018-ci il tarixdə Yevlax rayon Yuxarı Qarxun kənd tam orta məktəbində baş tutub. Tədbirdə Təhsil Nazirliyinin fəaliyyəti haqqında iştirakçılara məlumat verildi, layihənin məqsədi, məzmunu, həyata keçiriləcək tədbirlər və gözlənilən nəticələr tədbir iştirakçılarının diqqətinə çatdırıldı. İlk təlim 24-29 avqustda Ağdaş şəhəri 1 nömrəli tam orta məktəbdə keçirilib. Növbəti təlimlər 27-31 avqustda Mingəçevir şəhəri 1 nömrəli tam orta məktəbdə, 3-7 sentyabrda Bərdə şəhəri 7 nömrəli tam orta məktəbdə, 10-14 sentyabrda Yevlax şəhəri 3 nömrəli tam orta məktəbdə baş tutub.

Layihəyə təlimçi qismində cəlb olunmuş AMEA  akad. H.Ə.Əliyev adına Coğra­fiya İnstitu­tunun Geoinformatika və kartoqrafiya şöbəsinin əməkdaşı Yaşar Nəsibov, İnstitutun elmi işçisi Emil Cəbrayılov  və layihəyə ekspert qismində cəlb olunmuş Coğrafiya İnstitutunun aparıcı  elmi işçisi, c.ü.f.d., dosent Qalib Rüstəmov, layihənin təlimçi-koordinatoru, Ağdaş rayon Qaradeyin kənd tam orta məktəbin direktoru, coğrafiya müəllimi, c.ü.f.d. Aqil İsayev təlimlərin keçirilməsində yaxından iştirak edib, layihəyə öz töhfələrini veriblər.

Layihənin icra müddəti 20 oktyabr 2018-ci il tarixində başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.