"Uğurdan Gələcəyə" layihəsinin işləri uğurla davam etdirilir
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə qalib olmuş Daşkəsən rayon G.İsmayılov adına Aşağı Daşkəsən qəsəbə tam orta məktəbin Coğrafiya müəllimi, Daşkəsən rayonu üzrə Təhsil meneceri Səbinə Qədirovanın "Uğurdan Gələcəyə" adlı layihəsi üzrə işlər davam etdirilir.
“Uğurdan Gələcəyə” layihəsinin əsas məqsədi IX sinif buraxılış imtahanı verəcək şagirdlər və məktəblər arasında motivasiyaedici rəqabətin yaradılması üçün yay düşərgələrinin təşkil olunmasıdır. Bu məqsəd eyni zamanda Azərbaycan müxtəlif istiqamətlərində yerləşən üç müxtəlif: Daşkəsən, Quba, Balakən rayonlarının buraxılış imtahan nəticələri yüksək olan seçilmiş ən istedadlı 6, ümumilikdə isə 18 şagirdi arasında komanda şəklində inteqrasiyanın, valideynlərin övladlarının nəticələrini dəyərləndirməsinə, onların səmərəli və öyrədici istirahətinin təşkilinə diqqəti artırlmalarına xidmət edir.
Layihə rəhbəri S.Qədirova qeyd edib ki, kütləvi informasiya vasitələrin verdiyi xəbərlərə diqqət etsək heç birində IX sinifin buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərin nə adlarına, nə şəkillərinə rast gəlmirik. Təhsil haqqında Azərbaycan Respublikasının qanununda qeyd olunduğu kimi Ümumi orta təhsil icbaridir və davamlılığı şagirdlərin özlərinin seçimləri ilə tam orta təhsil səviyyəsində təmayülləşmə ilə təmin olunur. Deməli artıq orta təhsil səviyyəsini bitirən şagirdi bir şəxsiyyət kimi dəyərləndirib ictimaiyyətə tanıtsaq onun gələcək ixtisas seçimi sahəsində daha böyük uğurlar əldə etməsinə zəmin yaradarıq. Bu pilləyə qədər şagirdlər onlara nümunə olacaq şagirdlərin kütləvi informasiya vasitələri tərəfindən xüsusi qeyd olunaraq seçilib dəyərləndirilməsini görsələr bu artıq həm valideynlərin, həm məktəb rəhbərlərinin həm də RTŞ-lərinin xüsusi marağına səbəb olacaq. Zamanla bu rəqabət müxtəlif istiqamətlərdə daha da böyüyəcək.
Layihə çərçivəsində ilk olaraq layihə rəhbəri Səbinə Qədirova RTŞ əməkdaşları, məktəb rəhbərləri IX siniflərdə Azərbaycan dili və Riyaziyyat fənnini tədris edən müəllimlərlə Daşkəsən Rayon Təhsil şöbəsində rəsmi görüş keçirmiş layihə haqqında ətraflı məlumat vermişdir. Görüşdə o, “Uğurdan Gələcəyə” layihəsinin icra işlərinin 20.06.2018 tarixindən 30.10.2018 tarixinidək davam edəcəyini və bu müddətdə ardıcıl olaraq görüləcək prosedurları ətraflı görüş iştirakçılarının diqqətinə çatdırmışdır. Görüş zamanı məktəblərdə IX sinif şagirdləri və onların valideynləri ilə məktəbdaxili görüşlər keçirilərək layihə haqqında məlumatlandırılmaları ilə bağlı tapşırıqlar verilmişdir. Sonra layihə rəhbəri RTŞ əməkdaşlarının da iştirakı ilə 10-a yaxın məktəbdə valideynlər və IX sinif şagirdləri ilə görüşlər keçirmiş layihə haqqında onları maraqlandıran sualları cavablandırmışdır. Eyni görüşlər Quba və Balakən rayonlarının layihə üzrə koordinatorları seçilmiş Yasəmən Cəbrayılova və Nərmin Həbilova tərəfindən müvafiq rayonların təhsil şöbələrində və orta məktəblərdə təşkil olunmuşdur.
DİM-nin IX sinif şagirdləri üçün keçirdiyi buraxılış imtahanlarında yüksək nəticə göstərən şagirdlərdən təhsil şöbəsinin əməkdaşları ilə birlikdə obyektiv olaraq hər üç rayon üzrə hər birindən 6 nəfər olmaqla ümumilikdə 18 şagird seçilmiş və onların valideynlərinin də iştirakı ilə yerli təhsil şöbələrində görüşlər keçirilmiş, həmin şagirdlərin Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən Təlim Təcrübə Mərkəzində 4 gün 3 gecə keçiriləcək yay düşərgəsinin qalibi olduğu elan edilmişdir. Bundan əlavə olaraq hər rayon üzrə 20 nəfərdən çox ümumilikdə isə 70 nəfər şagird layihə rəhbəri tərəfindən Fəxri Fərmanla mükafatlandırılmışdır. Bütün bu proseslər məktəb rəhbərləri, valideynlər və şagirdlər tərəfindən müsbət qarşılanmış və onlar bu tipdə mükafatlandırmalar şagirdlərin həyatında çox önəm kəsb etdiyini dərslərində müvəffəqiyyətin artırılmasına səbəb olduğunu vurğulayaraq layihə rəhbərinə öz təşəkkürlərini bildirmiş, gələcək tədris illərində də belə mükafatlandırmaların təşkil edilməsini öz çıxışlarında xahiş edərək bildirmişlər.
Layihə çərçivəsində 16 iyun 2018 tarixində Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində “Cavan” Gənclər Hərəkatı İctimai birliyinin və Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “İndi Başla – Tələbənin yayı” adlı layihəsi çərçivəsində 600 baldan yüksək nəticə göstərən abiturientlərlə "Uğurdan Gələcəyə" layihəsinin qalibi olan şagirdlərinin görüşü təşkil olunmuşdur.
Həmin gün Dövlət İmtahan Mərkəzinin saytında elan edilən nəticcələrə görə yüksək balla tələbə adı qazanan abuturiyentlərlə IX sinif buraxılış imtahanlarında Daşkəsən rayonu üzrə yüksək nəticə göstərən şagirdlərin səmimi bir atmosferdə keçən görüşü baş tutmuşdu. Tələbə adı qazanan gənclər hələ orta məktəbdə təhsillərini davam etdirən yoldaşlarına ali məktəbə qəbul olmaq üçün keçdikləri çətinliklərdən danışdılar və öz təcrübələrini bölüşdülər.
Lənkəran rayonunun Gəgiran kənd məktəbində tarix fənni üzrə dərs deyən gənc müəllim Həbib Əlizadə də öz dərs metodikası və şagirdlərə fərqli yanaşması barədə ətraflı məlumat vermişdir.
“Uğurdan Gələcəyə” layihəsində təlimçi kimi iştirak edən Fəxri Məmmədli fəal təlim metodlarından istifadə edərək şagirdlərdə yeni bacarıqlar formalaşdırmaq, düzgün peşə seçimi etməsi üçün müvafiq məlumat və istiqamətlərin verilməsi, şagirdlərin öyrəndikləri mövzuları daha yaxşı mənimsənilməsi üçün praktik məşğələlərin həyata keçirilməsi, təqdimat, komadada işi və.s bacarıqların inkişaf etdirilməsi modulları üzrə təlimlər keçmişdir.
Təlim müddətində psixoloq Lalə Məmmədova qonağımız olaraq şagirdlərlə psixoloji seminar keçirmişdir.
Təhsil İnstitutunun Psixoloji xidmət şöbəsinin mediri, eyni zamanda Beynəlxalq qiymətləndirmələr üzrə milli koordinator Könül Pirverdiyeva şagirdlərə düzgün oxuyub anlama bacarıqları, açıq tipli sualların cavablandırılmasına yardım edən müxtəlif oxu strategiyaları ilə təlim keçmiş, şagirdlərə oxu mətnləri üzərində beynəlxalq qiymətləndirmə metodlu testlərlə müzakirələr aparmış, intelektual yarış təşkil edərək qalib olan şagirdləri öz zəngin kitabxanasının müxtəlif sahəli kitabları ilə mükafatlandırmışdır.
O cümlədən layihə müddətində şagirdlərə elektron resurslardan düzgün istifadə bacarığı haqqında təhsil könüllüsü Nərmin Həbilova məlumat vermişdir.
Layihə müddətində şagirdlərin əlavə istirahətini təşkil etmək məqsədi ilə “Uğurdan Gələcəyə” layihəsinin komandası Çənlibel və Qəçrəş istirahət mərkəzlərinə səyahət etmişlər.
Tədbirin son günü layihə rəhbəri Səbinə Qədirova düşərgənin yekun bağlanışını etmiş, hər rayon üzrə yüksək nəticə göstərən şagirdlərə kitab hədiyyə etmişdir. Sonda şagirdlər bir-birlərinə öz arzularını, ürək sözlərini qeyd etmiş, yazılı şəkildə layihəni öz yazdıqları fikirlərlə qiymətləndirmişdirlər. Layihə Qəçrəş istirahət mərkəzinə səyahətlə yekunlaşmışdır.
Hazırda düşərgədə iştirak edən şagirdlərin idarəetmə bacarıqlarını formalaşdırmaq üçün Daşkəsən Quba və Balakən rayonlarında layihə koordinatorlarının dəstəyi ilə təlim iştirakçılarının özləri tərəfindən təhsillərini davam etdirdikləri məktəbdə layihədən əldə olunan nəticələrin təhlili və təbliğliği ilə bağlı görüşlər keçirilir. Görüşdə şagirdlərin düşərgə müddəti keçirdiyi maraqlı anlardan hazırlanmış videolent gələn qonaqlara göstərilir, görüşün sonunda şagirdlər sertifikatla mükafatlanandırılır. Sentyabr ayında 8 şagirdin təqdimatı keçirilib. Oktyabr ayının sonuna qədər bu görüşlər yekunlaşdırılması və yekun olaraq layihənin işlərinin icra olunduğu rayonun RTŞ əməkdaşları ilə görüş keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.