"Uğura gedən yolda bələdçi" layihəsi uğurla davam etdirilir
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Balakən rayonu A.Əsgərov adına Qazbinə kənd tam orta məktəbin informatika müəllimi Nərmin Həbilovanın "Uğura gedən yolda bələdçi" adlı layihəsinin icrası uğurla davam etdirilir.
Layihənin əsas məqsədi Balakən rayonunun ümumtəhsil müəssisələrində fəaliyyət göstərən informatika müəllimlərinin dərslərində uğurlu nəticələr əldə etməsi və Respublika fənn olimpiadalarında yaxşı nəticələr verə biləcək şagirdlər yetişdirməsi istiqamətində dəstək olmaqdır. Bu məqsədlə Balakən rayonunun məktəblərində işləməkdə olan 15 informatika müəlliminin layihə çərçivəsində təlimlərə cəlb edilməsi nəzərdə tutulub.
4 iyun 2018-ci ildə Balakən Rayon Təhsil şöbəsində layihənin təqdimat mərasimi baş tutub. Təhsil şöbə müdiri, metod kabinet müdiri, metodistlər və məktəb direktorlarının iştirakı ilə keçirilən mərasimdə layihə haqında əətraflı məlumat verilib. Sonra informatika müəllimləri ilkin diaqnostik qiymətləndirmə imtahanı üçün RTŞ-yə dəvət olunublar.
Sualları təlimçilər tərəfindən hazırlanan diaqnostik qiymətləndirmə imtahanının nəticəsinə uyğun olaraq ən yüksək nəticə götərən 15 müəllim könüllülük əsasında təlimlərə dəvət edilib və 22 iyuldan etibarən təlimlərə start verilib. Dərslər cəmi 100 saat olmaqla 27 gün keçirilib.
Layihə çərçivəsində 14 oktyabrda təlim biliklərinin yoxlanılması, 30 oktyabrda isə xatirə sertifikatlarının verilməsi nəzərdə tutulur.
Layihənin yekun nəticəsi kimi Balakən rayonunda informatika fənnini tədris edən fənn müəllimlərinin biliklərinin daha da yüksəlməsi, Respublika fənn olimpiada müsabiqələrinə informatika fənni üzrə şagird hazırlıqlarının sayının çoxalması, müəllimlərin təkmilləşdirilməsi nəticəsində fənn olimpiadaları və müsabiqələrində uğur qazanan şagirdlərin sayının artması gözlənilir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.