"Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu" layihəsi üzrə işlər davam etdirilir.
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bərdə şəhəri R.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi Vüsalə Hüseynovanın “Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumu” adlı layihəsi çərçivəsində işlər davam etdirilir.
Layihənin əsas məqsədi regionlarda cəmiyyətin diqqətini sağlamlıq imkanları məhdud uşaqlara yönəltmək və sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun təşkil edilməsidir.
Layihə Bərdə rayonu ilə yanaşı Ağdam və Tərtər rayonlarını da əhatə edir.
Artıq layihə çərçivəsində 100-ə yaxın sağlamlıq imkanları məhdud uşaqlarla işləyən mütəxxəsislərlə iş aparılmışdır. Bunlar müzakirələrin təşkili, sorğular keçirilməsi, təkliflərin toplanması, valideynlərlə effektiv əlaqələrin qurulması və mütəxəssislərin inklüziv təhsillə bağlı bilik və bacarıqlarının artırılmasından ibarət olmuşdur.
Eyni zamanda layihə çərçivəsində əsas fəaliyyətlərdən biri də noyabr ayında təşkil edilməsi nəzərdə tutulan Sağlamlıq imkanları məhdud uşaqların 1-ci regional Forumunun keçirilməsidir. Bərdə Şəhərində keçirilməsi nəzərdə tutulan forumda sağlamlıq imkanları məhdud uşaqların qarşılaşdıqları problemlər, onların inklüziyası və cəmiyyətə inteqrasiyası, birgə əməkdaşlıq çərçivəsində həyata keçiriləcək fəaliyyətlər müzakirə ediləcəkdir. Foruma Bərdə, Tərtər və Ağdam rayonları ilə yanaşı Qarabağ bölgəsindən 100 yaxın sağlamlıq imkanları məhdud uşaqlar cəlb olunması nəzərdə tutulub.
İcra müddəti 3 ay olan layihə üzrə işlərin 15 noyabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.