05.10.2018

İsmayıllıda sağlamlıq imkanları məhdud uşaqlar üçün dərnək təşkil edilib

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş İsmayıllı rayon Topçu kənd tam orta məktəbin  ingilis dili müəllimi Mustafayeva Tünzalənin "Sabahını bu gün yarat" adlı layihəsi çərçivəsində işlər davam etdirilir.

Layihənin əsas məqsədi sağlamlıq imkanları məhdud olan uşaqların valideynlərinin maarifləndirilməsi və uşaqların bacarıqlarının inkişaf etdirilməsi üçün məktəb tədbirlərində və dərnəklərdə onların iştirakını təmin etməkdir.

Layihə İsmayıllı rayon Topçu, İstisu və Qurbanəfəndi kənd məktəblərinin sağlamlıq imkanı məhdud olan uşaqlarını,  onların  valideynlərini və fərdi dərs deyən müəllimləri əhatə edir.

Layihə çərçivəsində "Mən də bacarıram" dərnəyi təşkil edilib. Dərnəyin məqsədi fiziki qüsurlu uşaqların bacarıqlarının inkişaf etdirilmısidir. Dərnək həftədə 1 dəfə 2 saat olmaqla keçirilir. Dərnəyin fəaliyyəti 25 sentyabrda İstisu məktəbində, 2 oktyabr Topçu məktəbində baş tutub.

Layihə çərçivəsində sağlamlıq imkanı məhdud olan uşaqların 5 Oktyabr Beynəlxalq Müəllimlər Günü, 18 Oktyabr Müstəqillik Günü, 9 Noyabr Bayraq Günü münasibətilə məktəbdə keçiriləcək tədbirlərdə və "Mən də bacarıram" dərnəyində iştirakı, sağlamlıq imkanı məhdud olan insanlarla şagirdlərin görüşü, fiziki qüsurlu insanlar haqqında videoçarx, film nümayiş etdirilməsi nəzərdə tutulub. Məktəbdə uşaqların əl işlərindən ibarət sərgi təşkil edilməsi, ekskursiyaya və məktəb bağında abadlıq işlərinin görülməsi də planlaşdırılır.

Bu vaxta qədər isə layihə çərçivəsində 20-23 avqust tarixlərində sağlamlıq imkanı məhdud uşaqlar və onların valideynləri ilə görüş keçirilib, 29 avqustda Topçu kənd tam orta məktəbində layihənin təqdimatı olub, 10-14 sentyabr tarixlərində isə bilik gününə hazırlıq işləri görülüb. Sonra sagirdlər 15 Sentyabr Bilik Günündə iştirak ediblər. 17 sentyabrdan bəri isə şagirdlər dərs prosesinə cəlb edilir, həfttədə bir dəfə “Mən də bacarıram" dərnəyi təşkil edilir.

İcra müddəti 3 ay olan layihə üzrə işlər 20 noyabrda başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.