ARTİ 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir
Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) Bakı Ekspo Mərkəzində baş tutan 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində iştirak edir. ARTİ bu sərgidə Azərbaycan Respublikası Təhsil Nazirliyinin geniş pavilyonunda xüsusi ayrılmış stenddə təmsil olunur.
ARTİ bu ilki sərgidə bir neçə istiqamət üzrə fəaliyyətini təqdim edib. Beynəlxalq olimpiadalarda qazanılmış medallar sərgilənib, son 20 ildə təshil yarışlarında şagirdlərimizin 348 dəfə bayrağımızı qalib kürsüsünə qaldırdıqları vurğulanıb. O da əlavə edilib ki, bu medalların 1/3-i son 5 ilin payına düşür. Belə ki son 5 ildə şagirdlərimiz beynəlxalq olimpiadalarda 135 medal qazanıblar.
Bundan başqa ARTİ stendində sonuncu Respublika Fənn Olimpiadasının 8 fənn üzrə qaliblərinin şəkilləri də sərgilənib. Qeyd edilib ki, Respublika fənn olimpiadasında iştirak edən şagirdlərin sayı hər il artmaqda davam edir və bu il də bu artımın nəzərəçarpaacaq dərəcədə çox olacağı gözlənilir.
Sərgilənən bir digər fəaliyyət isə beynəlxalq qiymətləndirmə proqramları ilə bağlı olub. PIRLS – ibtidai təhsil səviyyəsinin sonunda IV sinif şagirdlərinin oxu bacarıqlarını qiymətləndirən beynəlxalq tədqiqat proqramının nəticələrinə görə azərbaycanlı şagirdlərin 2016-cı ildə oxu bacarıqları 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462 baldan 472 bala yüksəlib və ya 10 bal artıb. Sevindirici haldır ki, PIRLS-2011 tədqiqatının nəticələri ilə müqayisədə azərbaycanlı şagirdlərin “mükəmməl” səviyyəyə daxil olan payı 2016-cı ildə 0 faizdən 2 faizə qədər artıb. “Yüksək” səviyyə üzrə isə şagirdlərin nəticələri 2011-ci il ilə müqayisədə 2016-cı ildə 9 faizdən 16 faizə yüksəlib.
Bunlarla yanaşı ARTİ-nin stendində ehtiyat dərsliklər, olimpada sualları və həlləri, məktəbəqədər təshillə bağlı, eləcə də metodika, pedaqogika, tədris proqramları, elmi əsərlər və s. ilə bağlı yüzə yaxın nəşr sərgilənib.
Açılış mərasimi oktyabrın 11-də baş tutan sərgi öz işini 13 oktyabrda da davam etdirəcək və həmin gün sərginin sonuncu iş günü olacaq.
Üç gün davam edəcək 12-ci Beynəlxalq Təhsil Sərgisinə giriş yuxarı sinif şagirdləri, valideynlər, müəllim və tələbələrə açıqdır.