Ucarda məktəblilər arasında müsabiqəyə start verilib
Oktyabrın 8-də Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Ucar rayon A.Abdullayev adına Alpı kənd tam orta məktəbin müəllimi Əhmədova Natellanın ““Müstəqilliyimiz əbədidir” məktəblilər arasında intelektual müsabiqə” adlı layihəsi çərçivəsində zona yarışının ilk mərhələsinə start verilib.
Ucar rayon Alpı kənd tam orta məktəbində baş tutan ilk yarış tədbirində Ucar rayon Təhsil Şöbəsinin əməkdaşı, məktəb direktorları, müəllimlər və valideyinlər iştirak ediblər.
Layihənin rəhbəri Əhmədova Natella layihə haqqında məlumat verərək bildirib ki, müsabiqə Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyinə həsr olunub. Müsabiqənin əsas məqsədi şagirdlərə Azərbaycan Xalq Cumhuriyyət tarixini daha da dərindən öyrətmək, Azərbaycan Xalq Cumhuriyyətinin 100 illiyi elan olunduğu ildə şagirdlərə bu tarixi dövrü daha dərindən mənimsətmək, eyni zamanda şagirdlər arasında milli vətənpərvərlik hissini, intelektual səviyyəni yüksəltmək, məktəblər və şagirdləri arasında sıx əlaqənin qurulmasına nail olmaqdır.
Müsabiqənin ilk mərhələsində 10 məktəb komandası iştirak edib. Sonda 3 komanda: Alpı kənd tam orta məktəb, Pirkənd kənd tam orta məktəb və Qaracallı kənd 1 nömrəli tam orta məktəb yüksək nəticə göstərərək final mərhələsinə vəsiqə qazanıbr.
Növbəti zona yarışının 11 məktəbin iştirakı ilə Qazqumlaq kənd 2 nömrəli tam orta məktəbdə keçirilməsi planlaşdırılır.
Layihə müddətində ümumilikdə rayonun bütün məktəblərinin müsabiqəyə qoşulması ilə 300 nəfərdən çox məktəblinin cəlb edilməsi nəzərdə tutulub.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.