"Azərbaycan tətbiqi sənət emalatxanası" adlı layihəsi uğurla icra olunmaqdadır.
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş Azərbaycan Milli Konservatoriyası tərkibində Respublika İncəsənət Gimnaziyasının “Azərbaycan tətbiqi sənət emalatxanası” adlı layihəsi uğurla icra olunmaqdadır.
3 iyul - 3 dekabr 2018-ci il tarixlərini əhatə edən layihənin ilk ustad dərsləri ötən həftə İncəsənət Gimnaziyasının tədris emalatxanalarında keçirilmişdir. Layihənin ilk qonaqları Azərbaycanın Xalq rəssamı, xalçaçı-rəssam Eldar Mikayılzadə və , Azərbaycan Rəssamlar İttifaqının üzvü, Respublikanın əməkdar rəssamı, heykəltəraş Namiq Dadaşov olmuşdur. Qeyd edək ki Eldar Mikayılzadə həm də layihə müddətində ekspert qismində iştirak edərək öz bilik və təcrübəsini şagirdlərlə bölüşəcək.
“Azərbaycan tətbiqi sənət emalatxanası” layihəsinin əsas məqsəd xalçaçalıq, zərgərlik, dulusçuluq, keramika, bədii tikmə kimi sənət növlərinin qorunub saxlanılması, təbliği, gənc nəslə ötürülməsidır. Qeyd edək ki, milli mədəniyyətimizin təbliğində bu sənət növlərinin çox böyük əhəmiyyəti vardır.
Beş ay davam edəcək layihədə gimnaziyanın bütün siniflərindən müxtəlif yaş qruplarında olan bacarıqlı şagirdlər iştirak edəcəklər. Layihə müddətində ustad dərsləri ilə yanaşı emalatxanaların davamlı işinin təşkili və hazırlanan əl işlərinin sərgisi nəzərdə tutulub. Bu müddət ərzində Gimnaziya rəhbərliyi layihədə iştirak edən şagirdlər ilə Şəki şəhərinə ekkursiya edərək orada da sərgi keçirməyi planlaşdırıblar.
Layihə rəhbəri və AMK tərkibində Respublika İncəsənət Gimnaziyasının direktoru Aytən xanım Əhmədovanın fikrincə Təhsil Nazirliyinin qrant müsabiqələri onlara və şagirdlərə yeni imkanlar yaradır. Bu imkanlardan maksimum faydalanaraq yeni-yeni istedadlı şagirdləri üzə çıxarmaq olur. Bu istiqamətdə olan layihələrə şagirdlərin və eləcə də onların valideynlərinin ehtiyacı var.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.