13.09.2018

"Biləsuvar məktəblilərinin yaradıcılıq festivalı" layihəsinin açılış mərasimi olub.

Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Biləsuvar şəhər Ş.Qurbanov adına 2 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Muradova Ülviyyənin “Biləsuvar məktəblilərinin yaradıcılıq festivalı” adlı layihəsinin açılış mərasimi olub.

13 sentyabr 2018-ci il tarixində Ş.Qurbanov adına 2 saylı tam orta məktəbdə baş tutan açılış mərasimində layihə rəhbəri Ülviyyə Muradova layihənin məqsədi barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. O bildirib ki, layihənin əsas məqsədi Biləsuvar rayonunda təhsil alan məktəblilər arasında yaradıcı rəqabəti artırmaq, onlara öz potensialını üzə çıxarmaq üçün yeni imkanlar yaratmaq, ümumrayon məktəbliləri arasında ünsiyyət və əlaqələrin formalaşdırılmasına şərait yaratmaqdır. Eyni zamanda layihə rayonda incəsənətin rəsm, musiqi və rəqs kimi mühüm sahələr üzrə mədəni kütləvi tədbirlərin təşkilinə dəstək baxımından əhəmiyyətlidir. Tədbirdə bu məqsədlərə çatmaqda yardımçı olacaq vəzifə borcları barədə geniş müzakirələr aparılıb.

Layihənin vəzifələri aşağıdakılardan ibarətdir:

- Məktəblərdə layihə barədə genişmiqyaslı təbliğat işləri;

- Layihəyə cəlb olunacaq rəsm, musiqi və rəqs sahələri üzrə ustadlarla görüş;

- Ustad dərsləri;

- Festivalın həyata keçirilməsi;

- Qaliblərin mükafatlandırılması.

20 avqust 2018-ci ildən icrasına başlanılan layihə çərçivəsində artıq layihənin təşkilati komitəsi yaradılıb, Biləsuvar Rayon Təhsil Şöbəsinin müdiri və əməkdaşları ilə görüşlər təşkil olunub və layihə barədə rayon məktəblərinə ilkin məlumatlar ötürülüb. Bununla yanaşı layihənin tanıdılması və təbliğatı məqsədilə çap olunmuş posterlər məktəblərdə və ictimaiyyətin sıx olduğu yerlərdə yerləşdirilib.

Mərasiminin sonunda tədbir iştirakçılarına layihə barədə ətraflı məlumat qeyd olunmuş bukletlər  paylanılıb.

Layihə üzrə işlər 2018-ci il noyabrın 20-də başa çatdırılacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.