Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün məşğələlər davam edir
Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi”ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı Modern Təhsil Kompleksinin informatika müəllimi Həsənova Sonanın “Möcüzəni sən də yarat” adlı layihəsi çərçivəsinədə məşğələlər davam edir.
Layihənin əsas məqsədi xüsusi qayğıya ehtiyacı olan uşaqların kənarda qalmaması və onlar üçün təhsilin əlçatan olmasını nəzərdə tutan və bütün uşaqların müxtəlif ehtiyaclarına uyğunlaşdırılmasına əsaslanan inkişaflı təlim prosesini yaratmaq və uşaqların robototexnika avadanlığı vasitəsi ilə əl, nitq, təffəkür motirakalarını və modelləşdirmə proqramlaşdırma bacarıqlarını inkişaf etdirmək, onların sağlam uşaqlarla ünsiyyətini təmin etmək, stressə qarşı dözümlülüyün və özünəinamın inkişafını aşılamaq, onların ailələrini maarifləndirməklə onların cəmiyyətin bir üzvü olmasını dərk etmələrinə nail olmaqdır.
Layihə çərçivəsində nəzərdə tutulan təlim prosesi 4 mərhələdən ibarətdir:
I mərhələ - Əl motorikası: Robototexnika avandanlığı (Wedo 9689, Wedo45300, Lego45018, Lego 45007) vasitəsi ilə uşaqlada əl matorikasının inkişafı. Uşaqlarda kiçik motorikanın inkişafı elə uzunmüddətli və fasiləsiz prosesdir ki, onun gedişatında uşaq dünyanı dərk edir, ətraf aləmlə ünsiyyətə girir, cəsarət qazanır və hətta qüsursuz danışmağa başlayır.
Kiçik motorika – əl biləyi va barmaqlarının köməyi ilə xırda və dəqiq hərəkətlər yerinə yetirməyə xidmət edən sinir, əzələ və dayaq sisteminin birgə koordinasiya olunmuş işidir. Bununla belə, onun inkişafı duyğu orqanlarının inkişafından asılıdır. Bunlardan əl və ayaq barmaqlarının dəqiq hərəkətlərini görüb yadda saxlamağa xidmət edən gözlərin təsirini xüsusən vurğulamaq olar.
Uşaqların psixikasını öyrənən bütün alimlər əlin funksiyasının baş beyinin inkişafına stimullaşdırıcı təsirini qeyd etmişdilər.
II mərhələ - Nitq motorikası: Bilək və barmaqların kiçik motorikası yaxşı inkişaf etmiş uşaqlarda nitqə cavabdeh olan baş beyin şöbələri də yaxşı inkişaf etmiş olur. Yəni, uşağın barmaqları nə qədər çevik olarsa, o danışıq bacarığına bir o qədər daha tez və asan yiyələnəcək. Əgər əl barmaqlarının hərəkəti yaşa müvafiqdirsə, onda nitqin inkişafı da normalara uyur, barmaqların hərəkəti geri qalan uşaqlarda isə danışıq bacarığı da ləngiyir. Buna görə də mütəxəsislər kiçik motorikanı ən erkən yaş dövründə inkişaf etdirməyi məsləhət görürlər. Çünki beynin xüsusi şöbələrini, daha dəqiq desək, əl barmaqları hərəkətinə cavabdeh olan mərkəzi stimullaşdırmaqla, biz ona yaxın yerləşən, nitqə cavabdeh olan qonşu şöbələri də aktivləşdirmiş olacağıq. Alimlər sübut etmişlər ki, anatomik nöqteyi-nəzərdən baş beyinin hərəkətə nəzarət edən sahəsinin 1/3 hissəsini nitq mərkəzinə çox yaxın yerləşən əl biləyi sahəsi tutur. Məhz əl biləyi mərkəzinin beyində geniş sahəni əhatə etməsi və nitq mərkəzinə çox yaxın yerləşməsi kimi faktlar, artikulyasiya aparatı kimi əl biləyinə də “nitq orqanı” kimi baxmağa əsas verdi. Bununla əlaqədar olaraq, barmaqların incə işlər görərək etdiyi hərəkətlərin uşağın nitq funksiyasının formalaşması və inkişafına təsiri fərziyyəsi irəli sürüldü.Əlin kiçik motorika və hərəkət koordinasiyasının səviyyəsinin təyini işimizi düzgün planlaşdırmağa və uşağın nitq irəliləyişində hansı dərəcəyə çatdığını öyrənməyə imkan verir.
III mərhələ - Təfəkkürün inkişafı: Kiçik matorikanın inkişafı vasitəsilə şüurun – diqqət, təfəkkür, koordinasiya, təxəyyül, müşahidə, görmə yaddaşı, çeviklik kimi ali keyfiyyətləri inkişaf edir. Əlin kiçik motorika və hərəkət koordinasiyasının səviyyəsinin təyini işimizi düzgün planlaşdırmağa və uşağın nitq irəliləyişində hansı dərəcəyə çatdığını öyrənməyə imkan verir.
IV mərhələ - Modelləşdirmə proqramlaşdırma: Layihənin sonuncu mərhələsi uşaqların I-III mərhələdə əldə etdikləri nəticələr əsasında avadanlıqlardan istifadə edərək, modellər yaratmaqdan ibarətdir. Qurduqları robotlara proqram yazıb, onları istədikləri kimi hərəkətə gətirə bilirlər (Modelləri sağlam uşaqlarla əməkdaşlıq edərək yaradırlar, sərgilər təşkil olunur, müsabiqələrdə iştirak etmək üçün inam yaranır).
Layihə çərçivəsində artıq içşi qrupu yaradılıb və proqram materealları hazırlanıb. Sonra Bakı Modern Təhsil Komplksində təlim mərkəzi yaradılıb. Həmçinin internat məktəblərinin direktorları ilə görüşlər keçirilib, reklam flayerləri, informativ plakatlar paylanılıb. Valideynlər üçün seminarlar və görüşlər təşkil edilib.
Hazırda layihəyə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi İnternat məktəbindən 10 şagirdi, sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi İnternat məktəbindən 15 şagird və digər xüsusi məktəblərdən 15 şagird olmaqla ümumilikdə 40 şagird layihəyə cəlb edilib.
Layihə çərçivəsində psixoloq xüsusi qayğıya ehtiyacı olan uşaqlarla fərdi söhbət edir, testlər və oyunlar keçirir. Məşğələ zamanı psixoloq uşaqları müşahidə edərək qeydlər aparır.Həkimlə məsləhətləşərək uşaqların inkişafını izləyir. Artıq şagirdlər layihənin 3-cü mərhələsindədirlər. Onların məşğələlərə olan həvəsi günü gündən artmaqdadır.
Layihənin rəhbəri Sona Həsənova qeyd edir ki, bu gün layihə üzrə işlər tam planlaşdırılmış şəkildə davam edir.Sonda şagirdlərin möhtəşəm robot sərgisi təşkil olunacaq. Hər bir şagirdə diplom və hədiyyələr təqdim edilməsi nəəzərdə tutulub.
Layihənin ümumi icra müddəti 4 aydır və layihə çərçivəsində işlər 30 noyabrda başa çatacaq.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.