18.10.2018

"Robototexnika mərkəzi" adlı layihə çərçivəsində təlimlər uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı Modern Təhsil Kompleksinin informatika müəllimi Gülnarə Səlimovanın “Robototexnika mərkəzi” adlı layihəsi çərçivəsində təlimlər uğurla davam etdirilir.

Layihənin əsas məqsədi istedadlı şagirdlər arasında mühəndislik ixtisaslarının tanıdılması, bütün dünyada, o cümlədən ölkəmizdə əmək bazarında tələbatın artdığı robototexnika mühəndisliyinin təbliğinin aparılması, şagirdlərdə bu sahəyə marağın artırılması və dünya olimpiadasına hazırlığının təşkilidir.

Layihə rəhbəri qeyd edib ki, təhsilin əsas məqsədlərindən biri (bəlkə də birincisi) istedadlı uşaqların bütün qabiliyyət və imkanlarının aşkar edilməsi və peşə fəaliyyətində reallaşdırılmasının təmin edilməsidir. Cəmiyyət müasir problemlərinin həllini məhz bu uşaqlardan gözləyir. İstedadlı şagirdlərin vaxtında aşkarlanması, dəstəklənməsi və inkişaflarının təmin edilməsi layihənin prioritet məqsədlərindəndir.

Layihə Bakı şəhəri Nərimanov rayonu ərazisində yerləşən məktəblərin V-VIII sinif şagirdlərini əhatə edir.

Artıq layihə çərçivəsində işçi heyət müəyyən edilib. Məşğələlər Bakı Modern Təhsil kompleksinin 3 robototexnika laboratoriyasında fəaliyyət göstərir. Mərkəz Lego Education Mindstorms EV3  təhsil robotları ilə təmin olunub. Təmin olunan robot dəstləri robotun “beyni” hesab olunan və proqramlaşdırıla bilən “Brick” kontroller çipi, Lego konstruktorlar və xüsusi blok əsaslı proqram təminatı hissələrindən ibarətdir. Uşaqlar konstruktor hissələrdən istifadə edərək onlara lazım olan modelləri hazırlayır və modelin hərəkətə gəlib verilən tapşırıqları yerinə yetirməsi üçün “Brick” çipini proqramlaşdırırlar.  Təlimlərdə diqqət robotların dizayn olunması və proqramlaşdırılmasına yönəlir. Şagirdlərin Lego konstruktorları ilə qarşılıqlı fəaliyyəti yalnız fiziki fəaliyyətlə məhdudlaşmır, həm də rəqəmsal texnologiyalardan istifadə ilə ənənəvi tədris metodlarından kənara çıxır. Belə ki, şagirdlər qərar vermək, öz seçimləri üzərində düşünmək imkanı əldə edir və həmyaşıdları ilə komanda şəklində işləyərək ən yaxşı nəticələri əldə etmək qabiliyyətlərini inkişaf etdirirlər.

Noyabr ayının sonunda layıhənin yekun sərgisinin təşkil edilməsi və şagirdlərin sertifikatla təltif edilməsi nəzərdə tutulub.

Layihənn icra müddəti 2 iyul  2018 – 30 noyabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.