13.10.2018

Coğrafi İnformasiya Sistemlərinin tətbiqi ilə bağlı layihənin açılış mərasimi olub

13 oktyabr 2018-ci il tarixində Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə ümumtəhsil məktəblər kateqoriyası üzrə qalib olmuş Bakı şəhəri 78 nömrəli tam orta məktəbin “Ümumtəhsil müəssisələrində Coğrafi İnformasiya Sistemlərinin (CİS) tətbiqi ilə coğrafiya fənnini tədris edəcək müəllimlərə təlim” adlı layihəsinin açılış tədbiri keçirilib.

Bakı şəhəri 36 nömrəli tam orta məktəbdə b baş tutan tədbirdə Bakı şəhəri üzrə ümumtəhsil məktəblərdən online sorğu əsasında seçilmiş müəllimlər və layihə komandasının üzvləri iştirak ediblər.

İlk öncə layihə rəhbəri, 78 nömrəli tam orta məktəbin direktoru Murad Zeynalov layihə haqqında ətraflı məlumat verib. Ümumtəhsil məktəblərində coğrafiya fənninin tədrisi zamanı müəllimlərin CİS texnologiyalarından istifadə etməklə fənnin praktiki olaraq asan mənimsənilməsinin əhəmiyyətini vurğulayıb.

Sonra layihə koordinatoru, CİS mütəxəssisi Samir Vəlizadə, Coğrafiya İnstitutunun dissertantı, CİS mütəxəssisi Elvin Əmrahov və təlimçi müəllim, Coğrafiya İnstitutunun doktorantı, ABC - Azerbaijan British College-in coğrafiya müəllimi Arzu Əhmədova Coğrafiya İnformasiya Sistemləri haqqında müəllimlərə ətraflı məlumat verib.

Layihə üzrə ekspert: Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutu “Demoqrafiya və Əhali Coğrafiyası” şöbəsində aparıcı elmi işçi Rövşən Kərimov müəllimlərə ümumtəhsil məktəblərində coğrafiya fənninin yeni texnologiyaların istifadəsi və tətbiqi ilə öyrədilməsinin, CİS-lə öyrənmə imkanlarının artırılmasının, bununla da aparılan tədris prosesinin keyfiyyətcə yaxşılaşdırılmasının müasir təhsil sisteminin ən aktual məsələlərindən biri olduğunu qeyd etdi.

Tədbirin sonunda layihə komandası iştirakçılarla xatirə şəkli çəkdirib.

Ümumi icra müddəti 4 ay olan layihə üzrə işlər 30 noyabr 2019-cu ildə başa çatacaq.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.