25.10.2018

"Müəllimlərin bilik və bacarıqlarının artırılması" layihəsi uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Bakı şəhəri  S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın direktor müavini Tural Mahmudovun “Müəllimlərin bilik və bacarıqlarının artırılması” adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.

Hazırda layihə çərçivəsində S.Bəhlulzadə adına xarici dillər təmayüllü gimnaziyanın müəllimlərinin bilik və bacarıqlarının artırılması məqsədi ilə keçirilməsi nəzərdə tutulmuş təlimlər plan üzrə davam etdirilir.

Layihənin əsas məqsədi Azərbyacan dili, riyaziyyat və xarici dil fənn müəllimlərinin yeni tip qiymətləndirmə vasitələrinin hazırlanması və bu vasitələrdən düzgün istifadə etmə bacarıqlarının formalaşdırılmasına dəstək olmaqdır.

Lahiyənin vəzifələri:

- layihədə şagirdlərin bilik və bacarıqlarının qiymətləndirilməsi vasitələri və üsulları  təkmilləşdirilir. Belə ki, fənn müəllimləri tərəfindən hazırlanan qiymətləndirmə vəsaitləri açıq tipli test suallarına uyğunlaşdırılaraq düzgün qiymətləndirməni  təmin edir;

- müəllimlər üçün  təlimlərin təşkili, onların bu sahədə elmi-metodiki hazırlığının və peşəkarlıq səviyyəsinin artırılması;

- müəllimlərin yeni təlim proqramının tələblərinə uyğun açıq tipli sualları  tədris prosesinə tətbiq edə bilmələrini formalaşdırır və inkişaf etdirir;

- şagirdlərin təlim nəticələrinin yüksəldilməsini təmin edir.

Layihənin icra müddəti 01 avqust - 01 dekabr 2018 tarixlərini əhatə edir.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.