26.10.2018

"Təbiət fənlərini situasiyalar üzərində öyrənək" layihəsi üzrə işlər uğurla davam etdirilir.

Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Quba rayon Amsar kənd tam orta məktəbin direktoru Habil Bayramlının “Təbiət fənlərini situasiyalar üzərində öyrənək” adlı layihəsi uğurla davam etdirilir.

Layihənin əsas məqsədi təbiət fənləri üzrə bacarıq və vərdişləri özündə əks etdirən situasiya tapşırıqları tərtib etmək və şagirdlərə aşılanması yollarını müəyyənləşdirmək, əldə olunacaq nəticələrdən müvafiq metodik vəsait hazırlamaqdır.

Layihəyə Quba məktəblərində çalışan fizika, kimya və coğrafiya fənlərini tədris edən, diaqnostik qiymətləndirmədən yüksək bal toplamış müəllimlər cəlb ediliblər.

Layihə çərçivəsində hər bir fənn üzrə müəyyən edilmiş qrupa 20 saatlıq proqram əsasında 5 gün müddətində təlimlər keçirilməsi, layihənin sonunda müəllimlər tərəfindən hər bir fənn üzrə situasiya tapşırqlarının təqdim edilməsi və bu tapşırılqar əsasında metodik vəsait hazırlanması nəzərdə tutulub.

Artıq layihə çərçivəsində müəllimlər situasiya tapşırıqlarının hazırlanmasına dair bilik və bacarıqlar toplayıblar. Hazırda fənlər üzrə tapşırıq nümunələrinin hazırlanması prosesi davam edir.

Xatırladaq ki, layihənin təqdimatı sentyabrın 1-də Quba şəhəri 2 nömrəli tam orta məktəbdə baş tutub. İlk təlim sentyabrın 10-u 2 nömrəli tam orta məktəbdə keçirilib. Daha sonra təlimə cəlb olunmuş situasiya tapşırıq nümunələrinin hazırlanması tapşırılmış müəllimlərlə həftədə 1 dəfə görüşlər təşkil olunub. Həmin görüşlərdə müzakirələr, təqdimatlar və s.  təşkil olunub.

Layihənin icra müddəti 1 sentyabr – 1 dekabr 2018-ci il tarixlərini əhatə edir.

Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.