"Humanitar təmayüllü şagirdlərdə texniki fənlərə marağın artırılması" layihəsi uğurla davam etdirilir.
Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş Humanitar fənlər təmayüllü məktəb-liseyin riyaziyyat müəllimi Gülgəz Ağayevanın "Humanitar təmayüllü şagirdlərdə texniki fənlərə marağın artırılması" adlı layihəsi çərçivəsində işlər uğurla davam etdirilir.
Layihənin əsas məqsədi şagirdlərin texniki fənlərə marağını artırmaqla kimya, fizika, riyaziyyat fənlərindən fənn müsabiqələrində və olimpiadalarda iştiraklarını təmin etməkdir. Bu məqsədlə qarşıya texniki potensiallı şagirdləri yazılı və şifahi formada seçərək onların biliklərini sistemləşdirmək və dərinləşdirməkdir kimi hədəflər qoyulub. Effektiv öyrənmənin təmin edilməsi üçün layihəyə məktəbin bir neçə fənn müəllimi və ekspert kimi digər təhsil müəssisələrindən müəllimlər cəlb olunub.
Layihənin seçim turlarına 2018-ci il sentyabrın 21-də Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseydə start verilib. Seçim turunda V-VII sinif şagirdləri riyazi - məntiq, VIII-XI sinif şagirdləri isə kimya, fizika, riyaziyyat fənləri üzrə iştirak ediblər. Artıq Göygöl şəhərində yerləşən 7 ümumi təhsil müəssisəsindən müvafiq fənlər üzrə nailiyyətləri ilə fərqlənən VIII-IX sinif layihəyə cəlb ediliblər.
Layihə çərçivəsində şagirdlərə sistematik olaraq dərinləşdirilmiş proqramlar əsasında məşğələlər keçirilir. Məktəbin fənn müəllimləri tərəfindən həftə içi iki dəfə, ekspertlər tərəfindən isə həftə sonu məşğələlər aparılır. Şagirdlərdən Leyla Əhmədova liseylər arası olimpiadaya hazırlıq seçim turunda iştirak edərək, "Gənc olimpiadaçılar" qrupuna, Aysun Bayramlı isə Beynəlxalq riyaziyyat olimpiadasına hazırlıq qrupuna qəbul olunub.
Layihənin icra müddəti 3 sentyabr - 3 dekabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edirik ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.