Girdiman bələdçi klubu məktəblilər arasında İsmayıllının mədəni irsinin təbliğinə həsr olunan tədbir keçirib
13-14 oktyabr 2018-ci il tarixlərində Təhsil Nazirliyinin elan etdiyi "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqəsi"ndə fərdi kateqoriya üzrə qalib olmuş İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbin tarix müəllimi Təranə Yusifovanın “Məktəblilərin Girdiman bələdçi klubunun yaradılması və davamlı fəaliyyətinin təşkil edilməsi” adlı layihəsi çərçivəsində 2 günlük semminar keçirilib.
“İsmayıllının mədəni irsinin təbliğində bələdçilərin rolu” mövzusunda keçirilən semminarda İsmayıllı şəhəri İsrayıl Həsənov adına 1 nömrəli tam orta məktəbin, İsmayıllı rayonu Lahıc qəsəbəsi və Qalacıq kənd tam orta məktəbinin, Bakı şəhəri Suraxanı rayonu Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin, Vaqif Mirzəliyev adına 281 nömrəli tam orta məktəbin, 280 nömrəli tam orta məktəbin, 76 nömrəli tam orta məktəbin, Ağsu rayonu Kəndoba və Cəlayir kənd tam orta məktəbinin, Füzuli şəhəri 5 nömrəli tam orta məktəbin, Qubadlı rayonu Əliquluuşağı kənd tam orta məktəbinin, Salyan şəhəri Ə.Kürçaylı adına 7 nömrəli texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri, Sumqayıt şəhər 1 saylı Uşaq və Gənclərin İnkişafı Mərkəzinin və "Qoy həmişə günəş olsun" yaradıcılıq qrupunun üzvləri, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin könüllüləri və Girdiman bələdçi klubunun üzvləri iştirak ediblər.
Seminarı layihənin rəhbəri Təranə Yusifova açaraq layihə haqqında məlumat verib. O, qeyd edib ki, bu seminar layihənin yekun tədbiridir. Layihə rəhbəri iştirakçılara məlumat verib ki, əvvəlcə layihənin eksperti və könüllülər qrupu müəyyən edilib. Məktəbdə Girdiman bələdçi klubu yaradılıb və fəaliyyət göstərəcəyi otaq müəyyənləşdirilib, klubun loqosu hazırlanıb, rəsmi feysbuk səhifəsi yaradılıb. 30 iyun 2018-ci il tarixində İsrayıl Həsənov adına İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbdə layihə iştirakçıları ilə ekspert, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin birgə görüşü keçirilib. Ekspertin iştirakı ilə Diyallı, Talıstan, Xanagah, Lahıc, Basqal, Mücü, Sulut, Mollaisaqlı kəndlərində yerli sakinlər, müəllimlər, valideynlər və məktəblilər arasında sorğular keçirilib, həmin kəndlərin tarixi və folkloru araşdırılıb. Hacı Məcid əfəndi məscidi, Cavanşir qalası, Qız qalası, Lahıc Tarix-diyarşünaslıq muzeyi, Basqal İpək mərkəzi, Fitdağ şəhəri, Haram qalası, Şirvanşah qalası, Mollaisaqlı antik və ilk orta əsr nekropolunda olan klub üzvləri hazırlanan kataloqda həmin abidələrin təqdim olunması üçün məlumat toplayıb, fotolar çəkiblər. “İsmayıllının mədəni irsi” kataloqu nəşr olunub, bu gün təqdim olunur. Girdiman bələdçi klubunun fondu yaradılıb, ekspert tərəfindən inventarlaşdırma mövzusunda seminar keçilib. Girdiman bələdçi klubu İsmayıllının maddi və mənəvi irsinin öyrənilməsi və təbliğinə digər rayon və şəhərlərin məktəblilərini də cəlb etmək məqsədi ilə fotoqrafiya, əl işləri, rəssamlıq, esse və videofilm üzrə müsabiqə elan edib. Müsabiqəyə təqdim olunan işlər seçilib, diplom və sertifikatlara layiq görülüb. Layihə rəhbəri sonda həmin məktəblilərin seminarın gedişatında təltif olunacaqlarını qeyd edib.
Sonra seminara uğurlar arzu edən ekspert Fariz Xəlilli çıxış edərək bildirib ki, Girdiman bələdçi klubunun əsas vəzifəsi məktəblilərin məktəblilərə bələdçilik etməsini təşkil etməkdir. Məqsəd yuxarı sinif şagirdlərini öz həmyaşıdlarına İsmayıllı tarixi və mədəniyyəti ilə bağlı bələdçiliyə alışdırmaqdır. Həm özləri öyrənsinlər, həm də həmyaşıdlarını öyrətsinlər. Layihənin yekun tədbirinin tədqiqat aparılan kəndlərdən birində - Talıstan kəndində Cavanşir qalasının ətəklərində keçirilməsini əlamətdar hadisə hesab edən ekspert məktəblilərin heç olmasa həftə sonları təbiət qoynunda dincəlmələrini və eyni zamanda mədəni irsimizlə bağlı yeni məlumatları əldə etmələrini mütəmadi təşkil etməyin vacibliyini vurğulayıb.
Limak Travel turizm şirkətinin tur-meneceri, bələdçilik üzrə təlimçi Aidə Məlikova peşəkar bələdçilik haqqında məlumat verib. O, bildirib ki, bələdçinin əsas vəzifəsi abidələr, ənənələr haqqında məlumat vermək, yaranan sualları dolğun cavablandıra bilməkdir. Bələdçi müxtəlif dilləri bilməli, problemlərə qarşı səbirli davranmalıdır. İsmayıllının mədəni irsinin zənginliyinə diqqət çəkən Aidə Məlikova rayonun Azərbaycanın turizm sənayesində tutduğu yeri göstərməklə bələdçilərin rolundan danışmışdır. Məktəbli bələdçilərə bələdçiliklə bağlı tapşırıqlar verilmişdir.
Vikipediya üzrə təlimçilər Tərxan Paşazadə və Şəfa Mövsümov vikiçiləri müasir dövrdə “virtual bələdçilər” adlandırıblar. Tərxan Paşazadə təqdimatla çıxış edərək vikipediyanın meydana gəlməsi, virtual ensiklopediya kimi günbəgün genişləndiyini, könüllü vikiçilik fəaliyyətində yeniyetmələrin rolunu qeyd edib. Vikipediyaya daxil edilən hər doğru məlumat Azərbaycan haqqında informasiyanın artması deməkdir. Texnologiyaya bələd olan və internet istifadə edə bilən yeniyetmələrin, məktəblilərin boş vaxtında araşdırma apararaq İsmayıllı haqqında mədəni irs və turizm bilgilərini yerləşdirməsi üçün vikipediya faydalı resursdur. Vikiçiliklə yanaşı, eyni zamanda yutuber də olan Tərxan Paşazadə yutub fəaliyyəti barədə məktəblilərə məlumat vermiş, məktəblilər üçün faydalı ola biləcək yutub videolarını onlara tövsiyə edib.
Bakı şəhəri Suraxanı rayonu Elçin Qaranzadə adına 270 nömrəli tam orta məktəbin “İstedadlar dərnəyi”nin rəhbəri, təsviri-incəsənət və texnologiya müəllimi Məhsəti Cəfərova təqdimat etdi və dekorativ-tətbiqi sənət növündə muncuqlar vasitəsilə nəbati naxışlar, gül-çiçək ornamentləri düzəltməyi məktəblilərə öyrədibş. Hazır işlər çərçivəyə yığılıb.
Sənətşünas Günel Əliyeva dekorativ-tətbiqi sənət mövzusunda təlim keçib. Balıqqulağı, quş lələkləri, şam qozalarından ibarət əl işlərini praktik olaraq məktəblilərlə birgə hazırlayıb.
Sonra məktəblilər müsabiqəyə təqdim etdikləri rəsm və əl işlərini sərgiləyiblər. Onların hazırladığı videoçarxlar izlənilib. Esselər onların öz oxusunda təqdim olunub. Məktəbli bələdçilər tapşırığa əsasən qrup şəklində hazırladıqları bələdçilik mətnlərini oxuyublar. Məktəblilərdən Duyğu İsmayılova, Mehdi Həsənli, Təhminə Məmmədli və Fəridə Hüseynova öz rəsm əsərlərini Girdiman bələdçi klubuna hədiyyə ediblər.
Seminarın ssonunda məktəblilərə diplom və sertifikatlar təqdim oluub. Onlara yeni nəşr olunmuş “İsmayıllının mədəni irsi” kataloqu hədiyyə edilib. Talıstan kəndində məktəblilərlə xatirə fotosu çəkilib.
Layihənin icra müddəti 25 iyun – 25 oktyabr 2018-ci il tarixlərini əhatə edir.
Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə ikinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdir. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 211 layihədən 41-i, fərdi kateqoriya üzrə isə 639 layihədən 125-i olmaqla ümumilikdə 166 layihə qalib elan edilib.